Baş direktordan səhər saatlarında baş verən güclü zəlzələ ilə bağlı AÇIQLAMA

"Azərbaycanın cənub bölgəsində qeydə alınan zəlzələ ilə bağlı heç bir narahatlığa əsas yoxdur".

Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

"Əhalinin təşvişə düşməsinə ehtiyac yoxdur. Allah uzaq eləsin, sel, dolu, ildırım və s. kimi bundan da dəhşətli təbiət hadisələri baş verir. Bəzən oxuyuruq ki, ildırım vurub evi dağıdıb, sel gəlib evin içinə dolub. Bu təbiət hadisələri daha dəhşətlidir. Ona görə də səhərki zəlzələ qorxulu və fəsadlar törədən bir hadisə deyil. Doğrudur, hiss olunan zəlzələdir. Başa düşürəm ki, əhali də istər-istəməz təlaşa düşür, amma əmin edirəm ki, narahat olmağa dəyməz. Çünki bu, elə də güclü zəlzələ deyil", - baş direktor əlavə edib.

Q.Yetirmişli həmçinin bundan sonra afterşokların davam edəcəyini söyləyib: "Bu da enerji boşalmasıdır və olmalıdır. Ola bilsin ki, xırda hiss olunan yeraltı təkanlar təkrar baş versin. Amma ciddi və narahat olunası heç nə gözlənilmir".

Qeyd edək ki, bu gün yerli vaxtla saat 07:43-də Azərbaycanın cənub bölgəsində 5 maqnitudalı (ML) zəlzələ olub. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən Lerik stansiyasından 27 km şərqdə Lerik rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda Lerik, Lənkəran, Astara, Yardımlı, Masallı, Cəlilabad rayonlarında 4 bal, digər rayonlarda 3 bal gücündə hiss olunub.

0.074566841125488