Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilən Kənan Seyidov KİMDİR? - DOSYE
Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Kənan Seyidov Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusunun komandanı vəzifəsinə təyin edilib.
Bakunews.media Kənan Seyidovun dosyesini təqdim edir:
Kənan Seyidov 23 dekabr 1974-cü ildə İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olub.
O, uzun illər Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. 24 iyun 2003-cü ildə "Azərbaycan Bayrağı" ordeni ilə, 24 iyun 2006-cı ildə "Vətən uğrunda" medalı ilə təltif edilib.
2016-cı ilin 2-5 aprelində Azərbaycan-Ermənistan arasında baş verən silahlı toqquşma zamanı fərqlənib, 20 aprel 2016-cı ildə "İgidliyə görə" medalı ilə təltif edilib.
Xüsusi Təyinatlı Qüvvələr Komandanının birinci müavini - Qərargah rəisi vəzifəsinə təyin olunub. 2020-ci ilin sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli və Şuşanın azad edilməsi uğrunda gedən hərbi əməliyyatlar zamanı fərqlənib. Xüsusi xidmətləri nəzərə alınaraq Vətən Müharibəsi Qəhrəmanı adı verilib, həmçinin "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin 20 noyabr 2020-ci il tarixli 2300 nömrəli sərəncamı ilə Kənan Seyidova general-mayor ali hərbi rütbəsi verilib.
23 iyun 2021-ci ildə Xüsusi Təyinatlı Qüvvələr Komandanının birinci müavini - Qərargah rəisi vəzifəsindən azad edilib və 5-ci Ordu Korpusunun Komandiri vəzifəsinə təyin edilib.
O, 5-ci Ordu Korpusunun Komandiri olduğu müddətdə - noyabr 2021-ci ildə, aprel 2023-cü ildə və may 2023-cü ildə Azərbaycan-Ermənistan sərhədində baş verən silahlı toqquşmaların həllində rol alıb. 2021-ci ilin iyununda 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə, 2023-cü ilin noyabrında isə "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunub.
Müxtəlif illərdə müdafiə nazirlərinin əmrləri ilə 1-ci, 2-ci və 3-cü dərəcəli "Qüsursuz xidmətə görə", "Azərbaycan Silahlı Qüvvələri Veteranı" medalları, Azərbaycan Silahlı Qüvvələrinin 10, 90 və 95 illiyi, həmçinin "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları ilə də təltif edilib.