Töhmət aldığı deyilən icra başçısı DANIŞDI
"Qanunsuz tikililərlə bağlı mübarizə Bərdədə ən yüksək səviyyədə aparılır. Zaman-zaman çoxsaylı qanunsuz tikintiyə cəhd halları olsa da, bunun qarşısı alınıb".
Bunu Gununsesi.info-ya açıqlamasında Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev rayonda qanunsuz tikililərə göz yumduğu üçün töhmət alması barədə xəbərə münasibətində deyib.
Həmin məlumatda bildirilir ki, FHN və Arxitektura və Şəhərsalma Komitəsinin birgə yoxlaması zamanı Bərdədə çoxsaylı tikililər aşkarlanıb və buna görə Prezident Administrasiyası tərəfindən Vidadi İsayevə töhmət verilib.
İcra başçısı FHN, Dövlət Əmlak Xidməti və Arxitektura və Şəhərsalma Komitəsinin belə bir yoxlama apardığını təsdiqləyib:
"Ancaq bu yoxlama təkcə Bərdədə deyil, bütün rayonlarda, şəhərlərdə aparılır. Bu məsələlər cənab prezidentin diqqətindədir. Tikintiyə məsul qurum da icra hakimiyyəti deyil. Mövcud qanunvericiliyə görə, bir neçə qurumun razılığından sonra tikinti aparılmalıdır. Bərdədə də bunlara ciddi nəzarət olunur. Ancaq mənə töhmət verilməsi barədə məlumat doğru deyil".