Vəkillər Kollegiyasında yeni TƏYİNATLAR

Vəkillər Kollegiyasının (VK) Aparatında yeni şöbə yaradılıb.

Bakunews.media-ın məlumatına görə, bu barədə qərar iyulun 10-da VK Rəyasət Heyətinin keçirilən iclasında qəbul olunub.

Qərara əsasən, VK Aparatında Qəbul şöbəsi yaradılıb. Həmin şöbəyə isə Rahilə Ağaquliyeva təyin edilib.

Həmçinin, iclasda Vəkillər Kollegiyasının (VK) üzvlüyünə qəbulla bağlı elektron sistemin təqdimatı olub. İclasda "Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydaları"nda dəyişiklik edilməsi məsələsinə baxılıb və müsbət qərar çıxarılıb.

Nəzərə çatdırılıb ki, yaxın günlərdə elan olunacaq sənəd qəbulunda iştirak arzusunda olan, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə cavab verən şəxslər test mərhələsində iştirak üçün Kollegiyanın rəsmi veb-saytı (https://barassociation.az/candidate-login) vasitəsi ilə elektron internet səhifəsindən "Vəkilliyə qəbul" bölməsinə daxil olaraq onlayn qeydiyyatdan keçməlidirlər.

Bundan başqa, Kollegiya Aparatının baş hüquqşünas-məsləhətçisi Səttar Məmmədova da yeni vəzifə verilib. O, Aparat rəhbərinin müavini təyin olunub.

Qeyd edək ki, 2023-cü ildən VK-nın üzvü olan Səttar Vüqar oğlu Məmmədov bu təyinatadək Kollegiya Aparatının baş-hüquqşünas məsləhətçisi vəzifəsində çalışıb.

S.Məmmədov 1998-ci ildə Bakı şəhərində anadan olub. O, 2019-cu ildə Milli Aviasiya Akademiyasının Hüquq fakültəsini bakalavr (fərqlənmə ilə) pilləsi üzrə, 2021-ci ildə isə Bakı Dövlət Universitetinin magistr pilləsindən (fərqlənmə ilə) məzun olub. 2021-ci ildən Milli Aviasiya Akademiyası hüquq fakültəsinin doktorantıdır.

Əmək fəaliyyətə 2019-cu ilin noyabr ayında şirkətlərin birində hüquqşünas kimi başlayıb, müxtəlif dövrlərdə vəkil köməkçisi, Milli Məclisin VI çağırış deputatının köməkçisi kimi fəaliyyət göstərib. O, 2020-ci ildən Vəkillər Kollegiyasının Aparatında hüquqşünas-məsləhətçi, baş hüquqşünas-məsləhətçi vəzifələrini icra edib.

S.Məmmədov eyni zamanda 2021-ci ildən Milli Aviasiya Akademiyasının Hüquq fakültəsində saathesabı müəllim kimi fəaliyyət göstərir.

0.047255039215088