İlahiyyatçı: "Aşura mərasimlərində insanların özlərinə fiziki işgəncə verməsi dinimizdə bəyənilmir"

İyulun 7-dən etibarən Azərbaycanda məhərrəm ayı başlayıb. Aşura günü isə iyulun 16-na təsadüf edəcək. Aşura günü bizim cəmiyyət müəyyən əməllərlə rastlaşır: qançıxarma, zəncir vurma...

Bəs görəsən, bu məqamlar düzgündürmü? Necə tənzimlənməlidir? Dində necədir?

Mövzu ilə bağlı Bakunews.media-a açıqlama verən Azərbaycan İlahiyyat İnstitutunun rektoru, dosent Aqil Şirinovun sözlərinə görə, Aşura mərasimlərində insanların özlərinə fiziki işgəncə verməsi dinimizdə bəyənilmir:

"İmam Hüseyn başda olmaqla, Kərbəla şəhidlərinin anım mərasimlərinin keçirilməsi tarix boyunca islam dünyasının müxtəlif yerlərində, o cümlədən Azərbaycanda da mövcud olan ənənədir.

Bu mərasimlərdə Kərbəla şəhidlərinin uğrunda canlarından keçdikləri islami və insani dəyərlərin insanlara təbliğ olunması çox əhəmiyyətlidir. Çox təəssüf ki, müsəlman dünyasının müəyyən ərazilərində bu mərasimlərdə bəzi xoşagəlməz hallara da rast gəlirik. Aşura mərasimləri zamanı insanların özlərinə fiziki işgəncə verməsi - baş yarması, bədənlərinə xəsarət yetirməsi kimi ifrat hərəkətlərə yol verilir. Belə hərəkətlər dinimizdə bəyənilmir".

A.Şirinov qeyd edib ki, ölkəmizdə insanlar məhərrəm ayında bədənlərinə xəsarət yetirib qan çıxarmaq əvəzinə, qan verərək başqasının həyatını xilas edirlər:

"Şükürlər olsun ki, sözügedən hallara Azərbaycanda rast gəlinmir. Aşura günündə insanlar müəyyən olunmuş məscidlərə gedir, qanvermə aksiyalarında iştirak edirlər. Kərbəla şəhidlərinin hörmətlərinə xatir savab əməllər işləyir, həyatları xilas edirlər. Bu ənənənin islam dünyasında da təbliği mühümdür.

Dini baxımdan isə insanların özlərinə əziyyət vermələri, bədənlərinə xəsarət yetirmələri qəbuledilməz haldır. Qurani-Kərimin "Bəqərə" surəsinin 195-ci ayəsində "Öz əlinizlə özünüzü təhlükəyə atmayın", - buyurulur. Ona görə də Aşura mərasimlərində çalışmalıyıq ki, imam Hüseynin mübarizəsinin mahiyyətini insanlara çatdıraq. İmam Hüseyn və Kərbəla şəhidlərinin qəhrəmanlıqları ilə yanaşı, eyni zamanda, onların Allaha bağlılığı, sədaqəti, islami və ümumbəşəri dəyərlərin qorunması istiqamətindəki mübarizəsini bəşəriyyətə təbliğ etməliyik. Bu mərasimlərdə ölkəmizin bütövlüyü, Qarabağın düşmən tapdağından azad olunması uğrunda şəhadət şərbətini içmiş igidlərimizi də unutmamalıyıq. Kərbəla şəhidləri ilə yanaşı onları da anmalıyıq".

Qeyd edək ki, məhərrəm ayı avqustun 5-də başa çatacaq və sonra səfər ayı başlayacaq.

Nəzrin Vahid

0.059384107589722