Taksidə əcaib elan: "Kondisionerin işləməsi üçün əlavə 1 manat ödəniş" - AYNA işə qarışdı
Bakıda taksi sürücüsü avtomobilində kondisioneri yandırmaq üçün əlavə pul tələb edildiyini bildirən elan yapışdırıb.
Bakunews.media xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq.
Agentlikdən Bakunews.media-ın sorğusuna cavab olaraq bildirildi ki, daxil olan bütün şikayətlər araşdırılır.
"Sərnişinlərə taksi sahəsində qarşılaşdıqları müxtəlif problemlərlə, o cümlədən kondisionerin işlədilməsinə görə əlavə pul tələb edilməsi ilə bağlı AYNA-nın "141" Çağrı Mərkəzi və ya sosial şəbəkə hesabları üzərindən müraciət etmələri və nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı barədə məlumat vermələri xahiş olunur.
Taksi nəqliyyat vasitəsilə sərnişindaşımalarında xidmət keyfiyyəti ilə bağlı sərnişinlərdən daxil olan müraciətlər AYNA tərəfindən araşdırılır və neqativ halların qarşısının alınması üçün tədbirlər görülür. Qanunvericiliyin tələblərini yerinə yetirməyən sürücülərin icazələri ləğv ediləcək.
Qeyd edək ki, son bir həftə ərzində tələbləri pozan 23 taksi sistemdə bloklanıb", - deyə məlumatda bildirilir.
Əzizə İsmayılova