Gündəmdən düşməyən "London" taksilərinin taleyi necə olacaq? - RƏSMİ AÇIQLAMA

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) son günlər sosial mediada "London" taksilərinin kütləvi şəkildə istismardan çıxarılması ilə bağlı yayılan fikirlərə münasibət bildirib.

AYNA-dan APA-nın sorğusuna cavab olaraq deyilib ki, ölkədə taksi minik avtomobilləri parkının yenilənməsi, elektriklə işləyən, ekoloji cəhətdən təmiz və smart texnologiyaların geniş tətbiq edildiyi taksilərin istismarı prioritet istiqamət kimi müəyyən edilib.

"LEVC TX4" London taksilərinin əksəriyyətinin istismar müddəti başa çatıb. İstismar müddəti başa çatan avtomobillərlə bağlı qanunvericiliyin tələblərinə əsasən tədbir görüləcək.

İstismar müddəti bitməyən, bərpası mümkün olan və mövcud tələblərə cavab verən nəqliyyat vasitələri isə mərhələli şəkildə təmir olunaraq xəttə buraxılır", - deyə açıqlamada qeyd olunub.

Qeyd edək ki, 2011-ci ildə Azərbaycana gətirilən "London" taksiləri Lökbatan qəsəbəsindəki qarajda toplanılır. Bu avtomobillərin tamamilə yararsız hala düşməsilə bağlı fotolar bir neçə gündür sosial medialarda yayılıb.

0.073503971099854