Samir Abasov: "Əvəzetmə üçün futbolçumuz yox idi"

Konfrans Liqasının II təsnifat mərhələsinin "Fehervar" (Macarıstan) - "Sumqayıt" oyunundan (0:0) sonra "kimyaçılar"ın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırıb.

"Qafqazinfo" xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib.

- Futbolçularıma təşəkkür edirəm. Ağır oyundan çıxdıq. Böyük ümidlərlə gəlmişdik, baxmayaraq ki, böyük itkilərimiz var idi. Ümumiyyətlə, Konfrans Liqasına hazırlıqsız başladıq. İsa Sulimanın zədələnməsi, üstəlik Murad Xaçayevin də bizi pis vəziyyətdə qoyması… Çox şeyi dəyişib oyuna çıxmalı idik. Başqa variantla oyuna yanaşmalı olduğumuzu düşündük. Futbolçular nəyə gücləri çatdısa, etdilər. Onlara təşəkkür edirəm ki, canlarını qoydular. Artıq çempionata köklənəcəyik.

- İki oyunda da yaxşı oynasanız da, mərhələ keçə bilmədiniz. Sizi üzən nə oldu?

- Çarəsizlik, gördüyümüz şeyləri düzəldə bilməməyimiz. Futbolçular öz mövqelərində oynasaydılar, nələrsə edə bilərdik. Çətinliyimiz bunlar oldu. Çox üzülürəm. Bu püşk atılandan öncə də futbolçularıma da rəqib fərqini qoymamışdım. Düşünürdük ki, azı bir mərhələ keçərik. Əfsuslar olsun, mənim hər dəfə başıma gələn eyni situasiya təkrarlanır.

- İki matçda da dəyişiklikləri sona az qalmış etdiniz. Bu, nə ilə bağlıdır?

- Bəzi futbolçuların gücünü itirməsinə görə. Baş məşqçi kimi əmin edirəm ki, bilsən ki, kənardan gələn nəyisə dəyişə biləcək, daha tez edərsən. Amma görürsən ki, 10-cu dəqiqədə dəyişsən də, 90-da dəyişsən də, heç nə olmayacaq. Buradakı əvəzetmələri etməkdə gecikdiyimizi düşünürsünüzsə, olsun. Amma birinci matçda da məcburiyyətdən əvəzetmələr oldu. Yeni transferimiz bir həftədir bizimlədir, artıq iki oyun keçirib.

- Turun qırılma anı nə oldu?

- İlk oyunda müdafiəçimizin qırmızı vərəqə alması. Məğlubiyyət yox, sadəcə "qırmızı"ya görə. Çünki bir futbolçunun yoxluğundan sonra artıq məcbursan ki, hamını fərqli mövqedə oynadasınız. Yeni transferimiz Slavko yorulmuşdu, əvəz edilməsini istəyirdi, amma kimi salaq oyuna? Konfrans Liqasına belə gəlmək olmaz. Artıq bu oyunlar bizim üçün təcrübədir. Hər oyun təcrübədir. Burada yanan, əziyyət çəkən bircə Sumqayıtın komandasıdır. Nihad Əhmədzadəni oyuna buraxmışdıq, gənc oyunçudur, akademiyamızın yetirməsidir. Lakin sonra tənqidləri də üzərinə alırsan ki, nə üçün o uşağı meydana buraxdın və s. Mərhələ keçə bilmədiyimiz üçün çox məyusam, əfsuslar olsun.

- Heyətin kasadlığı ilə bağı klub rəhbərliyi ilə danışacaqsınız?

- Bilmirəm, fikrim yoxdur. Necə olacağını bilmirəm.

0.051377058029175