Dövlət Bayrağı Meydanında çoxdan gözlənilən hadisə gerçəkləşdi

Bakıda Dövlət Bayrağı Meydanında yenidən üçrəngli bayrağımız dalğalanır. Bununla bağlı görüntülər sosial şəbəkədə yayımlanıb.

Bakunews.media-ın əldə etdiyi məlumata görə, bayraq test məqsədilə asılıb.

Qeyd edək ki, Dövlət Bayrağı meydanının yaradılması barədə sərəncam 2007-ci il noyabrın 17-də imzalanıb. Dövlət Bayrağı Meydanının təməli 2007-ci il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində - Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında Prezident İlham Əliyevin iştirakı ilə qoyulub.

20000 kvadratmetr ərazisi olan meydanda ucaldılmış dayağın hündürlüyü 162 metr (2010-2017), bünövrəsinin diametri 3.2, bünövrənin üst hissəsinin diametri 1.09 metr idi.

Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, kütləsi isə təqribən 350 kiloqramdır. Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.

Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və Azərbaycan xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.

2021-ci ildə Türkiyənin "Çimtaş" şirkəti Azərbaycan üçün yeni bayraq dirəyi hazırlamağa başladı. Bakıda quraşdırılacaq dünyanın ən hündür bayraq dirək platformasının ümumi hündürlüyü 191 metr olacağı bildirilmişdi. Qeyd olunurdu ki, dirək əsasından yuxarıya qədər diametri 5.7 metrdən 2 metrə qədər, çəkisi 230 ton ilə 13 ton arasında olan 9 polad konusvari boru seqmentindən və yuxarıda yerləşdiriləcək fırlanan seqmentdən ibarət olacaq.

Tamamlanma işləri ilə bağlı rəsmi məlumat verilməyib.

Əzizə İsmayılova

0.092960119247437