Mərkəzi Seçki Komissiyasının Müstəqil Media Mərkəzinə baxış keçirilib
2024-cü il sentyabrın 1-nə təyin edilən Milli Məclisə növbədənkənar parlament seçkisində fərqli statuslu seçki iştirakçılarının sərbəst fəaliyyətinə köməklik göstərilməsi, hərtərəfli əlverişli şərait və geniş imkanların təmin olunması üçün müxtəlif formatlı layihələr gerçəkləşdirilir.
Bakunews.media xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) qarşıdan gələn seçki ilə əlaqədar yeni fəaliyyətə başlayan "Seçki-2024" Müstəqil Media Mərkəzi də bu kateqoriyadan olan layihələrdən biridir.
MSK sədri Məzahir Pənahov avqustun 9-da Müstəqil Media Mərkəzinə gəlib, komissiya üzvləri və katibliyin təmsilçilərinin də iştirakı ilə mərkəzə baxış keçirib.
Mərkəzdəki şəraitlə yaxından tanış olan Məzahir Pənahov Müstəqil Media Mərkəzinin yaradılmasının uzun illərdir mütəmadi şəkildə reallaşdırılan və effektivliyi ilə öz təsdiqini tapmış uğurlu təcrübə olduğunu bildirib.
O, yerli və beynəlxalq media nümayəndələrinin Milli Məclisə seçki ilə bağlı azad, sərbəst və asanlıqla məlumat əldə edə bilmələrinin, eynilə digər seçki subyektlərinə də daha keyfiyyətli və səmərəli xidmət göstərilməsinin zəruriliyini diqqətə çatdırıb.
Mərkəzin təkmil fəaliyyətinə dair təəssürat və tövsiyələrini bölüşən MSK sədri qeyd edib ki, layihənin başlıca məqsədi seçkidə aşkarlığın və şəffaflığın yüksək səviyyədə təmin edilməsində əhəmiyyətli rol oynayan yerli və beynəlxalq media nümayəndələrinə daha geniş imkanlar təmin etməkdir.
Sədr tanışlıq zamanı, həmçinin Mərkəzdə çalışan jurnalistlərlə söhbət edib və onların fikirlərini dinləyib.
Tanışlıqdan sonra MSK sədri həm Müstəqil Media Mərkəzinin fəaliyyəti, həm də Milli Məclisə seçkidə hazırlıqların gedişi barədə media mənsublarına açıqlama verib, jurnalistlərin suallarını cavablandırıb.
Qeyd etmək lazımdır ki, Müstəqil Media Mərkəzi qarşıdan gələn seçkini hərtərəfli, operativ və obyektiv işıqlandırmaqda, o cümlədən məlumatları almaqda və dərhal ictimailəşdirməkdə yerli və beynəlxalq media nümayəndələrinə yardımçı olacaq.
Media mənsubları müasir informasiya-kommunikasiya texnologiyaları və zəruri texniki avadanlıqlarla tam təchiz olunan Mərkəzdən sərbəst istifadə edə bilərlər.
Müstəqil Media Mərkəzinin internet səhifəsi (www.secki-2024.az) Milli Məclisə seçki ilə bağlı müntəzəm olaraq Azərbaycan, ingilis və rus dillərində ən son məlumatları təqdim edir.
Seçki prosesinə dair müxtəlif məsələlər barədə səlahiyyətli şəxslərin və ekspertlərin rəyləri, açıqlama və bəyanatlar dərhal ictimailəşdirilir, foto və video görüntülər paylaşılır.
Mərahim Nəsib