Naxçıvan MSK sədrinin istefası qəbul olundu
Avqustun 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyasının ilk iclası keçirilib.
Bakunews.media xəbər verir ki, gündəlikdə Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) tərkibində dəyişiklik edilməsi barədə məsələ də olub.
Naxçıvan MR Ali Məclisi sədrinin müavini Anar İbrahimov qeyd edib ki, Naxçıvan MR MSK-nın sonuncu tərkibi Ali Məclisin 2020-ci il 30 dekabr tarixli Qərarı ilə seçilib. 22 iyul 2024-cü il tarixdə keçirilmiş MSK-nın iclasında komissiyanın sədri Əjdər Zahid oğlu Əliyev öz ərizəsi əsasında sədr vəzifəsindən azad edilib.
24 iyul 2024-cü il tarixdə komissiya üzvü Əjdər Əliyev 1 sentyabr 2024-cü il tarixdə Ali Məclisə keçiriləcək növbədənkənar seçkidə deputatlığa namizədliyini irəli sürüb. "Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun müvafiq maddəsinə əsasən Ali Məclisin deputatlığına namizəd olduqda seçki komissiyası üzvünün səlahiyyətlərinə xitam verilir. Beləliklə, Əjdər Zahid oğlu Əliyev MSK-nın üzvü ola bilməz.
Naxçıvan MR Konstitusiyasına əsasən, Ali Məclis Naxçıvan MR Ali vəzifəli şəxsinin təklifi ilə Naxçıvan MR MSK-nın üzvlərinin təyin edilməsi məsələsini həll edir. Sədr müavini qeyd olunanları nəzərə alaraq Naxçıvan MR MSK-nın üzvlüyünə namizəd olaraq Ramil Əli oğlu Orucəliyevi təklif edib.
Namizəd haqqında məlumat verilib və Ramil Orucəliyevin Naxçıvan MR Mərkəzi Seçki Komissiyasının üzvü seçilməsi ilə əlaqədar Ali Məclisin 2020-ci il 30 dekabr tarixli qərarında dəyişiklik edilməsi ilə bağlı qərar oxunduqdan sonra səsə qoyularaq qəbul edilib.