Bəşəriyyəti heç də xoş günlər gözləmir...
Qan Turalı yazır...
Terrorizm, radikalizm günü-gündən öz qiyafəsini dəyişir. Eləcə də irqçilik... Son günlərdə iki ölkədə - Türkiyə və İngiltərədə baş verən hadisələrə baxaq. Bu hadisələr Azərbaycan üçün də mühüm bir dərsdir. Bizdə də buna bənzər hadisələr qeydə alınmışdı. Bu barədə bir az sonra...
Məlum olduğu kimi İngiltərədə ifrat sağ aksiyaları davam edir. Hər şey Soutport qəsəbəsində üç uşağın ölümü ilə başlandı. "X" sosial şəbəkəsində qatilin müsəlman və miqrant olması ilə bağlı saxta xəbərlər yayıldı. Halbuki qatil ruandalı bir xristian idi və İngiltərədə anadan olmuşdu.
Saxta xəbərlə alovlanan iğtişaşlarda üç uşağa qarşı da rəsmi ittihamlar irəli sürülüb. Onların ikisinin 12, birinin isə 13 yaşı var. On üç yaşlı qız xarici turistlərin hotelinə hücum etməkdə təqsirləndirilir. Özü də bunu inkar edir, məhkəmə isə uşağı zamin müqabilində azadlığa buraxıb.
Türkiyədə baş verən hadisə isə daha qorxuludur. Ölkənin sakit şəhərlərindən olan Eskişehirde yaşayan 18 yaşlı Arda nasist simvolları və Amerikada zəncilərə qarşı terror həyata keçirən KKK təşkilatının emblemləri ilə bəzədilmiş "uniforma"sı ilə çayxanaya hücum edib. Əksəriyyəti yaşlılardan ibarət olan 5 nəfəri bıçaqladıqdan sonra həbs edilib.
Azərbaycanda isə iki il əvvəl 15 yaşlı qız erməni kəşfiyyatçıların təsirinə düşmüş, onların müxtəlif tapşırıqlarını icra etmiş və sonra Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyatı nəticəsində ifşa edilmişdi.
Bütün bunlar həyəcan təbili çalmaqdadır. Hər üç hadisəyə fikir verək. İngiltərədəki hadisə saxta xəbərə əsaslanırdı, Eskişehirdəki terror aktı Türkiyəyə və türklüyə heç bir dəxli olmayan neonasizm elementlərini özündə daşıyır. Azərbaycanla bağlı hadisədə isə ölkəmizə və xalqımıza qarşı dəfələrlə terror aktı həyata keçirtmiş ideologiyanın əsirinə çevrilən bir qız diqqət mərkəzində idi. Şərti adı Fidan olan bu qızın ermənilərə yazdığı mesaj dəhşət doğururdu. Şuşada keçirilən ekoloji aksiya ilə bağlı o erməni xüsusi xidmət orqanlarının işçisinə belə mesaj yazmışdı: "Niyə onlara atəş açmırsınız? Qoy, gəbərsinlər".
Təsəvvür edin ki, bir uşaq öz tələbə yoldaşlarına, öz ölkəsinin vətəndaşlarına nəyi rəva görürdü. "Qoy, gəbərsinlər"...
Haqqında danışdığımız məsələ bir neçə nəfərlə məhdudlaşmır. Bu barədə onlarla, yüzlərlə nümunələr var. Misal üçün, internet resursları vasitəsi ilə İŞİD terror təşkilatının təsirinə düşən nə qədər gənc bir sıra ölkələrdə terror aktı törətmiş və bu terror aktı nəticəsində yüzlərlə insan həlak olmuşdu.
Diqqəti hər şeydən əvvəl bu gənclərin təsiri altına düşdüyü fikirlərin puçluğu, heçliyi cəlb edir. Türkiyə ilə nasizmin nə əlaqəsi ola bilər? Nasizm bütün insanlığa qarşı yönəlməyibmi? Nasistlər üçün türklər də düşmən deyilmi? Bu ideogiyanın daşıyıcıları müsəlman və türkləri hədəf almırmı? Almaniyada neonasistlər onlarla türkü öldürməyibmi? Göründüyü kimi, ən elementar bir müşahidə, ən sadə bir mühakimə, ən adi bir mükalimə belə onların ideoloji pozğunluğunu, əsassızlığını ortaya qoyur.
Ancaq biz heç kimin bu ideoloji mühakiməni aparıb-aparmadağına əmin ola bilmərik. Təcrübə də göstərir ki, həyatdan istədiyini ala bilməyən, pis tərbiyə edilmiş, sevgi görməmiş, valideynləri ilə xroniki problemlər yaşayan, həyatda öz yerini tapa bilməyən gənclər asanlıqla bu ideologiyaların toruna düşə bilirlər. Onlar gənclərə bir insan kimi əhəmiyyət verir, onları dinləyir, onların öz tərəflərinə cəlb etmək üçün gənclərin bütün boşluqlarından istifadə edirlər. Elə haqqında danışdığımız Fidan da İrəvanda oxumaq istədiyini, ölkəni tərk etmək arzusunda olduğunu bildirirdi. Onun arzusu ekoloq olub, insanlara kömək etmək imiş... Necə ülvi bir arzu... Ancaq bu arzunun gerçəkləşməsi üçün Şuşadakı aksiyaçıların güllələnməsi lazım imiş...
Bütün dünyada sürətlə yayılan radikalizm isə güclü bir təhdid kimi görünür. Onun qarşısını xüsusi xidmət orqanları ilə almaq da çətindir. Buna görə də həm valideynlərin, həm də sosial institutların qarşısında ciddi vəzifələr durur. İngiltərədə 12 yaşlı uşaq saxta bir xəbərlə miqrant müsəlman ovuna çıxırsa deməli yaxın illərdə bəşəriyyəti heç də xoş günlər gözləmir.