Siyasi şərhçi: "Ermənistan Azərbaycanın şərtlərini qəbul etməsə, regionda sülh mümkün olmaya bilər"
"Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması ilə bağlı bəzi maneələr qalsa da, tərəflər mövqeləri xeyli yaxınlaşdıra biliblər. Danışıqlar prosesi barədə məlumat verən Azərbaycan və Ermənistan rəsmiləri bir sıra mübahisəli məsələlər üzrə razılaşmanın əldə olunduğunu bildirirlər. Bu isə yaxın aylarda sülh müqaviləsinin baza prinsiplərini təşkil edən çərçivə sazişinin imzalanacağını da istisna etmir".
Bu sözləri Bakunews.media-a açıqlamasında siyasi şərhçi Müşfiq Abdulla deyib. Onun sözlərinə görə, hətta noyabr ayında Bakı şəhərində keçiriləcək BMT-nin İqlim Dəyişiklikləri üzrə Tərəfləri Konfransına, yəni COP29-a qədər Azərbaycanla Ermənistan arasında çərçivə sazişinin imzalanacağına dair məlumatlar mütəmadi gündəmə gəlir:
"Bəzi məlumatlarda isə Ermənistanın baş naziri Nikol Paşinyanın sülh təşəbbüsü olaraq sözügedən konfransda iştirak etmək üçün Bakıya gələcəyi, çərçivə sənədinin də bu tədbir müstəvisində imzalanacağı proqnozlaşdırılır. Əslində, söhbət sülh müqaviləsindən deyil, çərçivə sazişindən gedir. Hər iki ölkə sülhə nail olmaq üçün ilk növbədə, münaqişənin tamamilə aradan qaldırılmasını, bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımasını ehtiva edən əsas prinsipləri qəbul etməlidir.
Xatırladım ki, Azərbaycan Xarici İşlər Nazirliyi 2022-ci ilin mart ayında sülh müqaviləsinin beş bənddən ibarət əsas prinsiplərini Ermənistan tərəfinə təqdim edib. Real sülh müqaviləsi yalnız Azərbaycanın təqdim etdiyi beşbəndlik prinsiplər əsasında mümkündür. Çünki Azərbaycanın təklifləri Ermənistan tərəfindən qəbul edilərsə, bu, regionda sülhün və sabitliyin inkişafına töhfə verə bilər. Yəni Cənubi Qafqazda tamamilə yeni geosiyasi konfiqurasiya formalaşmış olar.
Bu situasiya münaqişənin sağlam rəqabət və əməkdaşlıqla əvəz olunduğu bir modeldir. İndiyə qədər Azərbaycanla Ermənistan arasında sazişin mətni ilə bağlı qarşılıqlı şəkildə 10 sülh təklifi müzakirə olunub. Bu istiqamətdə müəyyən razılaşmalar əldə olunsa da, bəzi məsələlər öz həllini gözləyir. Yəni Ermənistan hələ də Azərbaycanın təkliflərindən yayınmaqla sülh prosesini pozur".
"Azərbaycanın təklif etdiyi beşbəndlik prinsiplər, ilk növbədə, dövlətlərin bir-birlərinin suverenliyini, ərazi bütövlüyünü, beynəlxalq sərhədlərinin toxunulmazlığını və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanımasını nəzərdə tutur. Azərbaycan və Ermənistan bu istiqamətdə müəyyən qədər ortaq məxrəcə gəlsələr də, bir sıra problemlər qalmaqdadır.
2022-ci ilin oktyabrın 6-da Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınmasına dair birgə bəyannamə imzalayıblar. 2023-cü il mayın 22-də Azərbaycan Prezidenti və Ermənistanın baş naziri Brüsseldə ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınmasına dair imzaladıqları birgə sənəddə Praqa Bəyannaməsinə sadiq olduqlarını təsdiq ediblər. Azərbaycan dəfələrlə Ermənistana qarşı hər hansı ərazi iddiasının olmadığını rəsmən bəyan edib. Lakin Ermənistan Azərbaycanın dörd anklav kəndini hələ də işğal altında saxlayır.
Bundan başqa, Ermənistanın konstitusiyasında və digər hüquqi-normativ aktlarında Azərbaycana qarşı ərazi iddiası irəli sürülür. Azərbaycanın bütün tələblərinə baxmayaraq, Nikol Paşinyan hökuməti keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsinə dair bəndi konstitusiyanın mətnindən çıxarmaq üçün referendum keçirməkdən yayınır. Ermənistan hələ də Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü, beynəlxalq sərhədlərinin toxunulmazlığını və siyasi müstəqilliyini tanımayıb. Bu da Praqa və Brüssel bəyannamələrinin Ermənistan tərəfindən pozulması deməkdir. Yəni Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımamaqla sülh sazişinə maneə yaradır. İrəvan Bakının təqdim etdiyi "Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi" prinsipini də pozur. Ermənistanın baş naziri bir neçə dəfə Qarabağı Azərbaycan ərazisi adlandırsa da, bunu rəsmən təsdiq edən hər hansı sənədə imza atmayıb. Bu halda tərəflər arasında sülh müqaviləsi imzalana bilməz", - deyə siyasi icmalçı vurğulayıb.
Müsahibimiz əlavə edib ki, Azərbaycan vacib prinsiplərdən biri kimi dövlətlərarası münasibətlərdə bir-birinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinməyi təklif edir:
"Lakin Azərbaycanın dörd kəndini işğal altında saxlayan Ermənistan, üstəlik, şərti sərhədboyu ərazilərdə yerləşən bütün strateji əhəmiyyətli yüksəkliklərə ərazi iddiasını davam etdirir. Ermənistan silahlı qüvvələri vaxtaşırı Azərbaycan Ordusunun mövqelərini atəşə tutur, hərbi təxribatlar törədir. Ermənistan Azərbaycana qarşı hədə törətməyəcəyinə və güc tətbiq etməyəcəyinə dair heç bir sənədi imzalamayıb. Bu da öz növbəsində, beynəlxalq hüququn pozulması deməkdir.
Azərbaycanın Ermənistana təqdim etdiyi dördüncü prinsip "Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması"nı nəzərdə tutur. Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyasına dair birgə komissiyaların apardığı danışıqlar nəticəsində sovet dövründə mövcud olmuş 1 007 km-lik şərti sərhədin yalnız 12,7 km-i razılaşdırılıb.
Sərhədlərin delimitasiyasına mane olan başlıca səbəblərdən biri kimi Ermənistan öncə işğal altında saxladığı dörd kəndi Azərbaycana qaytarmalıdır. Rəsmi İrəvan, həmçinin, sərhədlərin 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında müəyyənləşməsini israrla təklif edir. Halbuki, Ermənistan Azərbaycana qarşı işğalçılıq müharibəsi həyata keçirməklə Alma-Ata Bəyannaməsinin 3-cü bəndini (ərazi bütövlüyünə hörmət və sərhədlərin dəyişdirilməməsi) pozub. Ona görə də Azərbaycan və Ermənistan arasında sərhəd mövcud deyil.
Alma-Ata Bəyannaməsinin 3-cü bəndində əks olunan prinsip sərhədlərin danışıqlar əsasında müəyyənləşməsini nəzərdə tutur. Yalnız bundan sonra dövlətlərin ərazi bütövlüyü qarşılıqlı şəkildə tanına bilər. Nikol Paşinyan hökuməti isə Ermənistanın 29 743 kv.km əraziyə malik olması barədə hüquqi öhdəliyin bəribaşdan sülh sazişinə daxil edilməsini istəyir. Lakin Azərbaycanın və Ermənistanın ərazi vahidi delimitasiya və demarkasiya prosesi yekunlaşdıqdan sonra dəqiqləşə bilər. Çünki sovet dövründə Azərbaycanın 20 min kv.km-dən artıq ərazisi qanunsuz olaraq Ermənistana bağışlanıb. Delimitasiya zamanı Sovet dövrünə aid xəritələr tətbiq olunduğuna görə Azərbaycanın həmin torpaqları tələb etmək hüququ var. Bu baxımdan, diplomatik əlaqələrin qurulması üçün Ermənistan delimitasiya və demarkasiya prosesinin böyük hissəsini başa çatdırmalı, Azərbaycanın dövlət sərhədlərini, onun toxunulmazlığını rəsmən tanımalıdır. Ona görə də iki ölkə arasında diplomatik münasibətlərin qurulması yalnız Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanıdıqdan, ərazi iddialarına son qoyduqdan, sərhədlərin delimitasiyası və demarkasiyası prosesi başa çatdıqdan sonra mümkündür".
"Azərbaycanın təklif etdiyi 5-ci prinsip nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların, qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulmasından ibarətdir. Bu məsələdə də Ermənistan indiyə qədər hər hansı müsbət addım atmayıb. Rəsmi İrəvan 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış Üçtərəfli Bəyannamənin 9-cu bəndində kommunikasiyaların açılmasına dair üzərinə götürdüyü öhdəliyin icrasından yayınır. Həmin razılaşmaya görə, Ermənistan tərəfi Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında hərəkətin bərpasını təmin etməlidir. Lakin indiyə qədər Ermənistan müxtəlif bəhanələrlə Zəngəzur dəhlizinin və digər nəqliyyat-kommunikasiya marşrutlarının blokdan açılmasına mane olub. Bu da paralel olaraq, Ermənistanın Azərbaycanla əməkdaşlıqda maraqlı olmadığını göstərir. Lakin rəsmi İrəvan nəqliyyat-kommunikasiya marşrutlarının blokdan açılmadan Ermənistanın iqtisadi durumunun ağır olacağını yaxşı anlayır. Sözügedən beş prinsipin analizi bu şərtlər təmin edilmədən regionda sülhün və sabitliyin mümkün olmayacağını deməyə əsas verir", - deyə müsahibimiz fikrini yekunlaşdırıb.
Mərahim Nəsib