"Real Madrid" tarixinin Superkubok rekordu
"Real Madrid" klubu "Atalanta" ilə Superkubok matçından sonra rekordlara imza atıb.
Bakunews.media xəbər verir ki, "Kral" klubu ən çox Superkubok qazanan komanda olub (6 dəfə)
Bu matçdan əvvəl "Real Madrid" UEFA Superkubokunda qalibiyyəti "Barselona" və "Milan" ilə bölüşürdü. Amma Varşavadakı zəfər "Real Madrid"i birinci yerə yüksəldib. "Real Madrid" bu kuboku 2002, 2014, 2016, 2017 və 2022-ci illərdə qazanmışdı. Madrid təmsilçisi "Atalanta" ilə görüşdə 2:0 hesablı qələbə qazanaraq muzeyinə daha bir Superkubok əlavə edib. "Kral" klubu ümumilikdə isə üç dəfə UEFA Superkubokunu itirib (1998, 2000 və 2018-ci illər).
Bundan başqa ötən gecə keçirilən Superkubok oyunu Dani Karvaxal və Luka Modriç üçün də əlamətdar alınıb.
Belə ki, hər iki futbolçu ən çox Superkubok qazanmış idmançı adına yiyələnib (5 dəfə). Onlar 2014-cü ildən bəri "Real Madrid"in 5 qələbəsinin hər birində iştirak ediblər. İkili UEFA Superkubokunda dörd qələbə qazanmış Dani Alves, Kərim Benzema, Toni Kroos və Paolo Maldinini geridə qoyub. Karvaxal və Modriç, eyni zamanda, Superkubokda ən çox çıxış etmiş oyunçu adına da yiyələniblər (6 dəfə).
Superkubok görüşündə komandanın qələbəsində əsas pay sahibi olan Karlo Ançelotti də rekord qırıb.
Ançelotti 2003 və 2007-ci illərdə "Milan"la iki kubok, 2014 , 2022 və 2024-cü illərdə isə "Real Madrid"də qələbələr qazanaraq adını tarixə yazdırıb. Beləliklə, o, Pep Qvardiolanı arxada qoyub, əvəzində Pep kuboku üç fərqli komanda ilə qazanan ("Barselona" - 2009 , 2011 , "Bavariya" - 2013 , "Mançester Siti" - 2023) yeganə məşqçi olaraq qalıb.
Məşqçi və oyunçu kimi ən çox qalibiyyət titulu da Karlo Ançelottinin aktivinə yazılıb (6 dəfə).
Ançelotti həm də bir oyunçu kimi UEFA Superkubokunu qazanıb: 1990-cı ildə o, "Milanın" "Sampdoriya" üzərində 3:1 hesablı qələbəsində iştirak edib. Beləliklə, o, ümumilikdə altı dəfə bu kuboka sahib çıxıb.
Anar Həsənov