"Real"ın futbolçusu Antonio Rüdigerin adı cırtdan begemota verildi: Qəribə jestin SƏBƏBİ
Berlin (Almaniya) zooparkında cırtdan begemotlardan birinə İspaniyanın "Real" klubunun futbolçusu Antonio Rüdigerin adı verilib.
Bakunews.media-ın məlumatına görə, bu barədə "Bild" xəbər yayıb.
Məlumatda bildirilir ki, zooparkın sosial şəbəkə səhifəsində ad təklifləri ilə bağlı sorğu keçirilib və 20 000-dən çox təklif alınıb. Lakin zoopark rəhbərliyi begemotu himayəsinə götürən Antonio Rüdigerin şərəfinə ona "Toni" adını verib.
Qeyd olunur ki, bu kampaniyanın və jestin əsas məqsədi cırtdan begemot növünün qorunmasına diqqət çəkməkdir.
Xatırladaq ki, Antonio Rüdiger həm Almaniya, həm də cırtdan begemotların təbii yaşayış yerlərindən biri olan Sierra-Leone vətəndaşıdır.
"Mən bilmirdim ki, Qərbi Afrikada 2 500-dən az yetkin cırtdan begemot qalıb. Bu fantastik heyvanların tezliklə planetimizdən həmişəlik yox olması çox kədərli olardı. Növlərin qorunmasının səfirləri olaraq, biz balaca Toni ilə birlikdə nəsli kəsilmək təhlükəsi altında olan cırtdan begemotların yaşayış mühitini qorumaq üçün çalışırıq", - deyə ulduz futbolçu bildirib.