Avtobus sürücüləri öz aralarında sərnişin "satırlar?" - Rəsmi qurumların "sübut" tələbi
Bakıdan regionlara, xüsusilə gömrük-keçid məntəqələrinə yaxın bölgələrə reallaşdırılan sərnişindaşıma fəaliyyəti ilə bağlı vaxtaşırı şikayətlər səsləndirilir.
Belə bir şikayət Bakunews.media-ın redaksiyasına da daxil olub. Vətəndaşların iddiasına görə, avqustun 10-da müxtəlif saatlarda Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Qazaxa yola düşən iki avtobus (birinin marşrutu Qazax rayon mərkəzi, digəri Kəmərli kəndinə qədər olub) sərnişinləri mənzilbaşına çatdırmayıb. Sərnişinləri Qazaxın "Qırmızı körpü" sərhəd-keçid məntəqəsinə yaxın kəndlərinə çatdıracaqlarını vəd edən sürücülərdən biri onları Ağstafada, digəri Qazaxda düşürüb. Sürücülər sərnişinləri başqa avtobusa və taksiyə mindirərək yola salıblar. Bəzi sərnişinlər isə taksinin pulunu verərək öz hesablarına getməyə məcbur olublar. Sərnişinlər iddia edirlər ki, xüsusilə axşam reyslərində bu cür hallar tez-tez yaşanır. Sürücülər beş-altı sərnişinə görə Qazaxa, onun kəndlərinə, "Qırmızı körpü"yə getməyi vaxt itkisi sayırlar. Onlar deyirlər ki, sürücülər sərnişinləri yarıyolda düşürəndə avtobusda nasazlıq yarandığını bəhanə edirlər.
Araşdırmamız zamanı məlum oldu ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məsələdə məsuliyyət daşıyan qurumlardır. Sərnişinlər bileti BBAK-dan alırlar, amma yolda qaldıqları təqdirdə buna BBAK məsuliyyət daşımır. Çünki bu qurum, sadəcə, Bakıdan yola salınmanı təmin etməlidir, qalan məsələlər daşıyıcı şirkətlərin məsuliyyətindədir.
Bəs bu daşıyıcı şirkəti necə tapmaq lazımdır? Sürücülər onlardan şikayət etmək istəyən sərnişinlərə şirkətin əlaqə məlumatlarını verəcəklərmi? Ümumiyyətlə, sərnişinlər müxtəlif daşıyıcı şirkətləri tanımağa məcburdurlarmı, yoxsa iradlarını bildirəcəkləri vahid qurum mövcuddur? Avtobus sıradan çıxdığı halda sərnişinlər hansı addımı atmalıdırlar, məsələ necə nizamlanmalıdır? Sürücülərin yönəltdikləri başqa taksidə və ya avtobusda sərnişinlərin başına iş gəlsə, neqativ hadisə olsa, məsuliyyət kimin üzərində olacaq? İstiqamətlər üzrə daşıyıcı şirkətlər necə seçilir? Onlara hansı şərtlər qoyulur? Sərnişini müxtəlif bəhanələrlə yarıyolda qoyan sürücüləri və daşıyıcı şirkətləri hansı inzibati məsuliyyət gözləyir?
Bakunews.media-ın əməkdaşı məsələ ilə bağlı adıçəkilən qurumların mövqeyini öyrənib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) tabeliyindəki Bakı Beynəlxalq Avtovağzal Kompleksinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Rövşən Əliyev bildirib ki, BBAK öz avtobusları olmadığı üçün daşıyıcı şirkətlərlə çalışır:
"Neqativ hal olduğu təqdirdə daşıyıcı şirkətlərlə bu məsələni aydınlaşdırırıq. Avtobus sıradan çıxanda əlavə avtobus çağırılmalıdır.
Proses belə nizamlanır: istiqamətlər üzrə tenderdə qalib gələn sahibkarlar əsas və əlavə avtobuslarını göstərirlər. Tenderi Bakı Beynəlxalq Avtovağzal Kompleksi yox, AYNA həyata keçirir. Tenderdə qalib gələn sahibkarlar BBAK-a yönəldilirlər. Biz isə həmin istiqamətlər üzrə biletlərin satışını həyata keçiririk. Bu məsələdə AYNA-nın da məsuliyyəti var. BBAK-ın biletin satılması və avtobusun vağzaldan yola salınmasına qədər məsuliyyət zonası mövcuddur. Avtobusun, daşıyıcının, sürücünün qanunsuz hərəkəti artıq bizim səlahiyyətimizə aid olan məsələ deyil. Şikayət olanda paralel olaraq məsələni AYNA-ya yönəldirik".
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov məsələ ilə bağlı sorğumuza cavab olaraq bildirib ki, təqdim edilən məlumatlar əsasında araşdırma aparılıb, şikayət təsdiqini tapmayıb:
"Belə ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən saat 14:45-də yola düşən reys Bakı-Qazax marşrutudur və son təyinat nöqtəsi məhz Qazax şəhəridir. Bu marşrut "Qırmızı körpü"yədək uzanmır.
Digər müraciətlə bağlı isə bildiririk ki, Qazaxın Kəmərli kəndinə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən ümumiyyətlə avtobus reysi mövcud deyil.
Bu cür məsələlərin hərtərəfli və dolğun araşdırılması üçün vətəndaş tərəfindən getdiyi marşrut üzrə biletin təqdim edilməsi vacibdir. Vətəndaşlar yaranan suallarla bağlı AYNA-nın "141" Çağrı Mərkəzinə müraciət edə bilərlər".
Məlumat üçün bildirək ki, BBAK-ın saytında Qazax (Kəmərli) istiqaməti qeyd edilib.
Məhərrəm Əliyev