"Zadəgan içkisi"nə artan maraq: Azərbaycanda əhali araqdan imtina edir

Azərbaycanda viski istehsalı üç dəfəyədək artıb. 2024-cü ilin yanvar-iyun aylarında ölkədə 311.4 min dekalitr viski istehsal edilib. Dövlət Statistika Komitəsinin hesabatına görə, bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 192.4 min dekalitr, yəni 2.6 dəfə artıb.

Bəs viski istehsalının bu artımının səbəbi nədir? Azərbaycanda viskiyə olan tələbat artıb?

Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Elçin Mədətov "Kaspi" qəzetinə açıqlamasında bildirib ki, son dövrlərdə viski istehsalının artımı Rusiya və Belarusa tətbiq olunan sanksiyalarla bağlıdır. Onun sözlərinə görə, viski istehsalının klassik mərkəzləri olan ABŞ və İngiltərə Rusiyaya sanksiyalar tətbiq etdikdən sonra, Rusiyalı idxalçılar tələbatlarını ödəmək üçün Azərbaycan və Orta Asiya ölkələrinə üz tuturlar. Statistikadakı artım da bu səbəbdən qaynaqlanır.

Assosiasiya sədri əlavə edib ki, Azərbaycan viskisinə dünyada və ölkə daxilində tələbat istənilən səviyyədə deyil: "Ümumiyyətlə, öz istehsalımız olan viskinin, şərabımız kimi dünyada məşhurlaşacağını düşünmürəm. Azərbaycan şərab istehsalçısı kimi postsovet ölkələrində kifayət qədər tanınır, amma dünya alkoqol istehsalçıları xəritəsində viski istehsalçısı kimi məşhurlaşmayıb. Viski deyəndə Şotlandiya, İngiltərə və ABŞ yada düşür. Rusiya öz tələbatını ABŞ və Avropadan təmin edə bilmədiyi üçün Azərbaycana üz tutur və bu da statistikada öz əksini tapır".

Mütəxəssis qeyd edib ki, dünyada araqdan uzaqlaşma trendi var və elit içkilərə maraq artır: "İxrac statistikasına nəzər salsaq, istehsalın üç dəfə artması sırf ixracla bağlıdır. Amma bu, ölkə daxilində viskiyə tələbat olmadığı anlamına gəlmir. Tələbat var, lakin hələ stabildir. Ümumilikdə, dünyada elit içkilərə maraq artır. İnsanlar tədricən araq və digər içkilərdən uzaqlaşaraq viski, tekila, rom kimi spirtli içkilərə maraq göstərirlər".

Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktor müavini, texnika üzrə fəlsəfə doktoru Teymur Musayev bildirib ki, viski zadəgan içkisi sayılır və əyləncə məkanlarında gənclər arasında ən çox seçilən içkilərdən biridir: "Hazırda yay mövsümüdür və viski buz və meyvə ilə təqdim edildiyi üçün xüsusilə bu dövrlərdə daha çox içilir. Çimərliklərdə desert kimi təqdim olunur. Şərab klassik içki olsa da, viski daha çox əyləncə xarakterli içki kimi qəbul edilir. Bu səbəbdən statistik fərqləri normal hesab etmək olar".

Musayev əlavə edib ki, Azərbaycanda təbii yollarla istehsal edilən viski demək olar ki, mövcud deyil: "Azərbaycanda viski istehsalı istənilən səviyyədə deyil. Hazırda xaricdən gətirilən inqrediyentlərdən istifadə etməklə istehsal olunur. Təbii yolla, sırf yerli məhsullarla hazırlanan viski demək olar ki, yoxdur, çünki bu prosesin maya dəyəri yüksəkdir və istehsalı çətindir. Hazırda ölkə bazarı üçün bu spirtli içkini istehsal etmək asan deyil".

İqtisadçı ekspert Fuad İbrahimov isə bildirib ki, ənənəvi içkilərlə yanaşı, viskiyə də tələbat var, amma bunu hələ ciddi artım kimi qiymətləndirmək olmaz: "Viski istehsalının həcminin üç dəfəyədək artması bu sahədə ciddi sıçrayış kimi qiymətləndirilməməlidir. Sadəcə olaraq, əvvəlki dövrlərdə daha az istehsal olunurdu və indi tələbat qismən artıb. Sovet dövründən Azərbaycanda spirtli içkilərin istehsalı mövcud olub və bu ənənəvi içkilər cəmiyyətimizdə qəbul olunub. Sovetlər dövründə kifayət qədər tanınan brendlərimiz var idi və bu gün də Rusiya bazarında öz yerini tutub. Amma viski ənənəvi içkilərimizlə müqayisədə daha çox qərbyönümlü içki kimi qəbul olunur və müstəqillik əldə etdikdən sonra postsovet məkanına daxil olub".

İqtisadçı qeyd edib ki, məclislərdə viski içənlərin sayı artır və hətta bəzən ənənəvi içkiləri üstələyir: "Müsbət hal odur ki, artıq viski yerli istehsal formatında bazara daxil olub və xaricdən gələn digər məhsullarla sağlam rəqabət apara bilir. Hazırda viskinin digər içkilərdən daha çox istifadə olunması proqnozlaşdırılır və bu, mərhələli şəkildə artacaq. Yerli istehsal olduğu üçün qiymət də əlçatan olduğundan insanların bu içkini istifadə imkanları genişlənir".

0.08460807800293