FHN-in güllələnən sabiq əməkdaşı ilə bağlı YENİ TƏFƏRRÜAT
"Qardaşım srağagün öz iti ilə evdən çıxıb meşəyə gedib. Dünən güllələnmiş meyitini tapdıq. Bu gün torpağa tapşırılıb. Kimin güllələdiyini bilmirik, şübhələndiyimiz adam da yoxdur".
Bunu Bakunews.media-a açıqlamasında Qusarda bir neçə gündür itkin düşən və dünən meyiti tapılan Fövqəladə Hallar Nazirliyinin (FHN) sabiq əməkdaşı Ramik Əhmədovun qardaşı Edik Əhmədov bildirib.
E.Əhmədov qeyd edib ki, qardaşının heç kimlə problem olmayıb:
"O, itini gəzdirməyə aparmışdı. Meşədə yerdən qazılmış, üstüqapalı ev var idi. Qardaşım orada güllələnib, amma meyiti yaxınlıqda tapılıb. İt isə sonradan özü gəlib evə. Ailə və dostları ilə münasibəti qaydasında idi".
Qusarda bir neçə gündür itkin düşən və meyiti tapılan 1981-ci il təvəllüdlü Ramiq Radik oğlu Əhmədov əvvəllər Fövqəladə Hallar Nazirliyində çalışıb və öz arzusu əsasında vəzifəsindən azad olunub. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.
Bakunews.media-ın əldə etdiyi məlumata görə, Ramiq Əhmədov FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qusar Rayon Şöbəsində gizir vəzifəsində işləyib və vəzifəsindən bir ay öncə öz istəyi ilə ayrılıb.
Ramiq Əhmədov ailəli olub, iki qızı və bir oğlu var.
Faktla bağlı cinayət işi açılıb, polis tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Məlumat üçün bildirək ki, mərhum bu gün saat 11:00-da yaşadığı Hil kəndində dəfn olunub.
Məhərrəm Əliyev
Qusarda bir neçə gündür itkin düşən 43 yaşlı Ramik Əhmədovun meyiti tapılıb.
"Qafqazinfo" xəbər verir ki, R.Əhmədovun üzərində zorakılıq əlamətləri olan meyiti rayonun Hil kəndində aşkar edilib. Onun odlu silahdan açılan atəşlə öldürüldüyü bildirilir.
Ramik Əhmədov FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qusar Rayon Şöbəsində işləyib.
Faktla bağlı cinayət işi açılıb, əməliyyat-axtarış tədbirləri həyata keçirilir.