Bakıda teplovoz adam vurdu
Keşlə-Biləcəri dəmiryol mənzilində dəmiryoluna çıxan şəxsi teplovoz vurub.
Bakunews.media-ın əldə etdiyi məlumata görə, həmin şəxs ağır xəsarət alıb.
Hadisə ilə bağlı "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) sorğu ünvanladıq.
Qurumun Mətbuat Xidmətindən Bakunews.media-ın sorğusuna cavab olaraq fakt təsdiqləndi:
"21 avqust saat 12:40-da ADY-yə məxsus teplovoz Keşlə-Biləcəri sahəsində hərəkətdə olarkən ortayaşlı bir nəfər dəmir yolunu qadağan olunmuş yerdən keçməyə cəhd edərək qəfil qatarın qarşısına çıxıb.
Maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub. Nəticədə həmin şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb, stansiya əməkdaşları tərəfindən əraziyə dərhal təcili tibbi yardım briqadası çağırılıb".
"ADY bir daha insanları dəmiryol xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır. Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur və onları pozmaq inzibati məsuliyyət yaradır", - deyə açıqlamada vurğulanıb.
Əzizə İsmayılova