Azərbaycan kinosunda qadın hegemonluğu: "Əhməd haradadır?"
Uşaqlıqdan bu günə qədər dəfələrlə izləyib güldüyümüz bir filmdə kişilər fağır, qadınlar isə güc sahibi kimi göstərilir.
Söhbət "Əhməd haradadır?" filmindən gedir.
Ədil İsgəndərovun kinoda quruluş verdiyi ilk və son işi olan 1963-cü ildə çəkilmiş "Əhməd haradadır?" filmi ilə Azərbaycan kinosunda anaxaqanlığının əsası qoyulub.
Film ilk baxışdan gənc nəslin köhnə adət-ənənələrə qarşı mübarizəsini əks etdirsə də, əslində, qadın hegemonluğunun ön plana çıxdığını göstərir.
Filmin maraqlı cəhəti odur ki, burada söz sahibi kişilər deyil, qadınlardır. Ekran əsərində demək olar ki, bütün kişilər qadınlardan çəkinir.
Təsadüfi deyil ki, "Əhməd haradadır?" filmində "Şirin" kişi adıdır. Lakin ta qədimdən şifahi və bədii ədəbiyyatımızda "Şirin" adı qadınlara verilib. Şirinin arvadına "komandir" deməsi də kinomuzda bir ilkdir.
Azərbaycan adət-ənənəsinə görə, nişan üzüyünü analar bir-birinə versələr də, filmdə bu işi atalar görür. Ümumiyyətlə, Şirin kişinin ailəsində ixtiyar sahibi Nərgiz xaladır.
Filmin bir səhnəsində evlənmək istəməyən Əhmədə atası hədə-qorxu gəlir. Bu vaxt Nərgiz xala işə qarışır. Amma Azərbaycan milli dəyərlərinə görə, ata uşağı danlayanda ana müdaxilə etməməlidir.
Qonşu Leyla da evin kişisini - atasını saymır və ona açıq şəkildə qarşı çıxır. Buna baxmayaraq, Leylanın atası Məmməd qızına Bakıda xərcləməsi üçün pul verir.
Leylanın çamadanı vağzalda başqasının çamadanı ilə dəyişik düşür. Bu vaxt biz əlində çamadanla taksiyə doğru gedən Yusifin dilindən arvadı Ofeliyaya ünvanlanmış qəzəl eşidirik.
"Əhməd haradadır?" filmindən əvvəl çəkilmiş bütün Azərbaycan filmlərində kişilər qadınlardan daha boylu-buxunlu və güclü göstərilib. Yusif və Ofeliya cütlüyü isə bu stereotipi yerlə-yeksan edir.
Ceyranın sənət seçimindən həyat yoldaşı seçiminə qədər bütün qərarları anası Nərgiz xala verir. Konsert bitdikdən sonra iştirakçılar sürücü Əhmədlə Ceyranın evlənməsi üçün valideynlərdən icazə alırlar və yenə də ixtiyar sahibi Nərgiz xaladır.
Qeyd edək ki, film ilk olaraq Moskvada qəbul edilməyib və zəif ekran əsəri kimi qiymətləndirilib. Lakin sonra SSRİ-nin müxtəlif bölgələrindən sifarişlər alaraq, ən çox göstərilən və gəlir gətirən filmlərdən birinə çevrilir.
Azərbaycan kinosunda qadın hegemonluğu: "Əhməd haradadır?"