ABŞ-nin növbəti münaqişə ocağı və silah bazarı - "Kaspi"nin TƏHLİLi

ABŞ-nin Balkan ölkələri ilə bağlı çox məxfi planı işə salınıb. Məlumata görə, Vaşinqton artıq bölgə üzrə yeni xüsusi nümayəndə təyin edib. Bu posta Aleksandr "Saşa" Kasanof təyin edilib. Adıçəkilən şəxs postsovet məkanında "inqilablar müəllifi" kimi tanınır.

Mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edirik.

Dünyanın müxtəlif regionlarında gərginlik yaratmaq, bu gərginlikdən istifadə edib oraya müdaxilə və təsir imkanlarını artırmaq Birləşmiş Ştatların prioritet siyasətinə çevrilib. Qafqazdan tutmuş Şərqi Avropaya, Afrika, Latın Amerikası və Asiyaya kimi bu siyasətin elementlərini görürük. Məsələn, Vaşinqton Cənubi Qafqazda Ermənistan vasitəsilə "suları bulandırmağa" çalışır. Açıq görünür ki, dünyanın müxtəlif bölgələrində münaqişə ocaqları yaradıb, milyonlarla insanın fəlakətlər yaşamasına imza atan ABŞ bu istiqamətdə bütün imkanları ilə hərəkətə keçib.

ABŞ-nin növbəti hədəfi - Balkan yarımadası

ABŞ Ukraynanın ardınca növbəti dəfə Balkan yarımadasına yönəlib. Bölgə sürətlə və yenidən dünyanın barıt qoxulu məkanına çevrilmək üzrədir. Kosovonun şimalında serblərlə toqquşmalar yaşanıb. Görünən odur ki, ABŞ ilə Rusiyanın mübarizəsi artıq bu bölgəyə keçir. Cənubi Qafqazdan və Mərkəzi Asiyadan tutmuş Afrika qitəsinə qədər uzanan qarşıdurma yeni oyunçuların iştirakı ilə əhatə dairəsini genişləndirir. Əslində, Vaşinqtonun Balkan ölkələrinə marağı heç zaman azalmayıb. Sadəcə, Rusiya-Ukrayna müharibəsi səbəbindən diqqət buradan yayınıb. Lakin son vaxtlar bölgədə artan gərginlik diqqəti yenidən buraya yönəldib. ABŞ rəsmilərinin bölgəyə səfərlərinin sayı artıb.

Xatırladaq ki, Balkan ölkələrinin əksəriyyəti uzun illər keçmiş SSRİ-nin müttəfiqi olub. SSRİ dağıldıqdan sonra bu ölkələrin Rusiya ilə tərəfdaşlığına baxmayaraq, ABŞ və Avropa ilə də əməkdaşlığını gücləndirməyə qərar verib. Bu durum həmin vaxt üçün Vaşinqtonla Brüsselin maraqlarına cavab verirdi.

Məxfi plan işə salınıb

İndi isə Ukraynadakı müharibə səbəbindən gərginləşən münasibətlər fonunda vəziyyət dəyişib. Qərb mediasında yer alan xəbərlərə görə, bölgə ilə bağlı məxfi plan işə salınıb. Məlumata görə, ABŞ Balkan yarımadasında xüsusi nümayəndə təyin edib. Bu posta Aleksandr "Saşa" Kasanof təyin edilib. Adıçəkilən şəxs postsovet məkanında "inqilablar müəllifi" kimi tanınır. Ukraynada 2014-cü il Maydan hadisələri zamanı ABŞ-nin bu ölkədəki səfirliyində siyasi müşavir kimi fəaliyyət göstərib. Həmin hadisələrin nə ilə başa çatdığı bəllidir. Məlumat üçün bildirək ki, "Saşa" Kasanof yarımadada Qabriel Eskobarı əvəzləyib. Onun əvəzlənməsinə əsas səbəb kimi qarşıya qoyulan hədəflərə çata bilməməsi göstərilib. Bu hədəflər sırasında Serbiya ilə Kosovo arasında münasibətləri normallaşdıra bilməməsi vurğulanıb. Görünən də odur ki, qarşıda Balkan yarımadası həqiqətən də yenidən münaqişə ocağına çevrilə bilər.

Bir gündə 31 milyardlıq silah satışı

Əslində Balkan yarımadasında da yeni toqquşmaların yaşanacağı, bölgənin yenidən müharibə meydanına çevrilə biləcəyi ilə bağlı narahatlıqlar təsadüfi deyil. Bu qənaət ABŞ-nin dünyanın ayrı-ayrı bölgələrində yaşanan xaosu idarə edərək bu qarşıdurmadan milyardlarla dollar gəlir götürməsi ilə əsaslandırılır.

Türkiyənin nüfuzlu nəşrlərindən biri "Yeni şafak" qəzetində yer alan məlumatda bildirilir ki, Birləşmiş Ştatların dünyada destruktiv rol oynaması, gərginlik və qeyri-sabitliyə yol açması faktdır. Nəşr yazır ki, dünyanın ən böyük silah ixracatçısı olan Birləşmiş Ştatlar qazanc əldə etmək üçün müharibələri və regional münaqişələri qızışdırmağa davam edir:

"Cəmi bir il ərzində ABŞ öz siyasətinin qurbanlarının qanı ilə qidalanaraq 238 milyard dollar dəyərində silah və texnika satıb. Vaşinqton administrasiyası tək bir gündə 31 milyard dollar dəyərində silah satışını təsdiqləyib. İsrailə - 20 milyard dollar, Polşaya - 10 milyard, Səudiyyə Ərəbistanına isə bir milyard dollar dəyərində silah satışı reallaşıb. ABŞ üç fərqli satışla bir gündə 31 milyard dollar qazanıb".

İndi isə silah bazarının genişləndirilməsi imkanları nəzərdən keçirilir. Burada ən optimal seçim imkanlarından biri də məhz Balkan ölkələridir. Çünki bölgə tarixən qanlı müharibələrə, xaos və zorakılıqlara meydan olub.

Dövlət çevrilişinə cəhd

Qeyd edək ki, Balkan dövlətləri arasında Qərb və ABŞ-nin əsas hədəfinin Serbiya olduğu da məlumdur. Bir müddət əvvəl ölkə Prezidenti Aleksandar Vuçiçə qarşı dövlət çevrilişinə cəhdlə bağlı məlumatlar yayılmışdı. Bu faktı prezident özü də etiraf edib. Yenə də dövlət çevrilişinə cəhd planının arxasında ABŞ və Qərb xüsusi xidmət orqanlarının dayandığına dair iddialar var. Vaşinqton bu iddiaları rədd etsə də, serbiyalı siyasətçilər ölkədəki etiraz aksiyalarının arxasında məhz Vaşinqton və Brüsselin dayandığı qənaətindədir. Hətta bu cəhdlərin yuxarıda qeyd olunan məxfi planın tərkib hissəsi olduğunu düşünənlər də var.

Beləliklə, görünən odur ki, Balkan dövlətlərinin həyatında yeni bir təhlükəli səhifə açılmaqdadır. Bu prosesin əsas təkanverici qüvvəsi isə ABŞ-dir.

0.074712038040161