Evi, maşını var, ailəsi və övladı yoxdur: Qardaş, bacı uşaqları hansı halda miras ala bilərlər?
Öz adına evi, maşını və torpaq sahəsi olan şəxsin ailəsi və uşaqları olmadığı təqdirdə mirasının kimə qalacağı müzakirə mövzusu olub.
Bakunews.media xəbər verir ki, bununla bağlı sosial şəbəkədə paylaşım edilib.
"Əmim xəstədir. 68 yaşı var. Nə ailəsi, nə də uşaqları var. Qardaş-bacılarından da sağ qalan yoxdur. Əgər vəsiyyətnamə yoxdursa, onun başına nəsə gələcəyi halda bacısı, yoxsa qardaşı uşaqlarının o mirasa sahib çıxma haqqı var?" - deyə sosial şəbəkə istifadəçisi sual edib.
Bu məsələ ilə bağlı Bakunews.media-ın sorğusunu cavablandıran hüquqşünas Pərviz Məmmədov bildirib ki, vərəsəlik ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi anlayışıdır.
"Vərəsəlik Mülki Məcəlləyə əsasən təyin olunur. Məcəllənin 1159.1.1-ci bəndinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər); 1159.1.2 -ci bəndinə əsasən, övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar.
Məcəllənin 1159.2-ci bəndinə əsasən isə ikinci növbədə - ölənin bacıları və qardaşları mirasa sahiblik edə bilərlər.
Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın.
Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar.
Yəni əvvəlki növbənin vərəsələrindən ən azı birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir", - deyə hüquqşünas vurğulayıb.
Əzizə İsmayılova