Bakıda hələ də bəzi yerlərdə su yoxdur: İnsanlar içməli suya həsrətdirlər
Bakıda hələ də bəzi ünvanlarda insanlar içməli su sarıdan əziyyət çəkirlər.
Xezerxeber.az-ın xəbərinə görə, Nəsimi rayonu, Moskva prospekti, 66 ünvanının sakinləri iddia edirlər ki, burada olan köhnə yaşayış binalarına su hələ də tam verilmir.
Sakinlər deyir ki, su ən yaxşı halda gün ərzində bir dəfə olmaqla cəmi 1 saatlıq verilir ki, bu da təzyiqin zəifliyi səbəbindən birinci mərtəbədən yuxarı çıxmır.
Onlar su ehtiyaclarını həyətlərdə olan sudan, digər qonşulardan gətirərək ödəməyə çalışırlar.
İllər əvvəl ehtiyat su çənlərinin kütləvi şəkildə binalardan yığışdırılması onları çətin durumda qoyub. Çünki əvvəllər belə olan zaman onlar ehtiyat çənlərdə toplanan sudan istifadə edirdilər. Sakinlərin istəyi suyun fasiləsiz verilməsinin təmin edilməsidir.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat Xidmətindən bildirildi ki, Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza tamam aradan qaldırılıb. Orada aparılan təmir-bərpa işlərindən sonra reqlamentə uyğun olaraq kəmərin su ilə doldurulmasi başa çatdırılıb. Bu gün səhər saatlarından şəhərin su təchizatı şəbəkəsinin əvvəlki rejimdə işləməsi təmin edilib. Hazırda anbarların doldurulması prosesi yekunlaşır və paralel olaraq əhali su ilə təmin olunmaqdadır. Su ərazilərə mərhələli şəkildə çatmaqdadır.
Ətraflı süjetdə:
Bakıda hələ də bəzi yerlərdə su yoxdur: İnsanlar içməli suya həsrətdirlər