Türkiyəli deputat: "Azərbaycanın BRICS-ə üzvlüyü təhlükəsizlik baxımından böyük əhəmiyyət daşıyır"
"Təhlükəsizlik, iqtisadi və digər baxımlardan Azərbaycanın BRICS-ə üzv olması böyük əhəmiyyət daşıyır".
Bu fikirləri "Report"un Ankara bürosuna türkiyəli deputat Doğan Bekin bildirib.
O deyib ki, qloballaşan dünyada iqtisadi baza əsasında qurulan bu cür təşkilatlarda yer tutmaq daha doğru addımdır.
Türkiyənin də BRICS-ə üzv olmaq məsələsi ilə bağlı danışan siyasətçinin fikrincə, ölkəsinin bu mövzuda atacağı addım həlledici rol oynayacaq:
"Türkiyə NATO ölkəsidir. Avropa Birliyi ilə bir anlaşması var. Bütün bunlar Türkiyənin bundan sonra hansı addım atacağında həlledici rol oynayacaq. Hazırda Türkiyə müşahidəçi olaraq BRICS-də yer alır. Bundan sonra, təbii ki, bu əlaqələri şaxələndirmək lazımdır".
Türk dünyası birliyinin güclənməsi məsələsinə toxunan D.Bekin hesab edir ki, Azərbaycanla Türkiyənin sarsılmaz müttəfiqliyi digər türk dövlətlərinə, eləcə də dünyaya nümunə olacaq müttəfiqlikdir ki, bu nümunənin genişlənməsinə ehtiyac var:
"Bu baxımdan, Qafqaz ölkələri, xüsusən Azərbaycanla Türkiyənin tarixi bağlarının inkişaf etdiriləmsi böyük əhəmiyyət kəsb edir. Türkiyə ilə Azərbaycanın müttəfiqliyi irəlidə daha təsirli ölçüdə yeni bir gücün ortaya çıxmasına vasitədir. Bu mənada, əlaqələrin hər sahədə daha sürətlə inkişafı vacibdir".
Xatırladaq ki, Azərbaycan BRICS-ə daxil olmaq üçün bu ay rəsmi müraciət edib. Bundan öncə, iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə" qəbul olunub. Bəyannamənin 4.5-ci bəndinə əsasən, Azərbaycan tərəfi BRICS-ə daxil olmaq arzusunu ifadə edib və Çin tərəfi BRICS əməkdaşlığında Azərbaycanın iştirakını alqışlayıb.
Qeyd edək ki, BRICS (BRİKS) 2006-cı ildə yaradılıb, Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərini özündə birləşdirən hökumətlərarası təşkilatdır. Əvvəlcə investisiya imkanlarını müəyyən edən qruplaşma hökumətləri 2009-cu ildən bəri hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri koordinasiya edən vahid geosiyasi bloka çevrilib.