Nazir: "Sülh sazişi üçün əsas əngəl Ermənistanın Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarıdır"
Azərbaycan bölgədə davamlı sülhün təmin edilməsi üçün tarixi şansın olduğunu hesab edir.
Bakunews.media "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla Ankarada keçirdiyi birgə mətbuat konfransında bildirib.
O qeyd edib ki, məhz buna görə Azərbaycan tərəfi Ermənistana sülh sazişinin layihəsini və beş baza prinsiplərini təqdim edib.
"Baxmayaraq ki, danışıqlar prosesində müsbət dinamika müşahidə olunur və saziş layihəsinin əhəmiyyətli hissəsi razılaşdırılıb, Ermənistan konstitusiyasında və bir sıra digər normativ hüquqi aktlarında hələ də Azərbaycana qarşı ərazi iddiaları mövcuddur. Eyni zamanda, Ermənistanın Türkiyə Cümhuriyyətinə qarşı da ərazi iddiaları olduğu sirr deyil. Hazırda sülh sazişinin başa çatdırılması üçün əsas əngəl məhz Ermənistan konstitusiyasında ölkələrimizə qarşı ərazi iddialarıdır", - nazir bildirib.