Xocalı sakinləri 32 ildən sonra ilk dəfə doğma yurdlarında səs verirlər
Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçki Xocalı rayonu ərazisində üç məntəqədə keçirilir. 118 saylı Ağdam-Xocalı seçki dairəsinin 71 saylı məntəqəsi Xocalı rayonunun Təzəbinə kəndində, 72 saylı məntəqə Əsgəran qəsəbəsində, 73 saylı məntəqə Xocalı şəhərində təşkil edilib. Bu ilin may ayında Xocalıya qayıtmış sakinlər 32 ildən sonra ilk dəfə olaraq doğma yurdlarında səs verirlər.
AZƏRTAC-ın bölgə müxbiri 73 saylı seçki məntəqəsində səsvermənin gedişini müşahidə edib. Məntəqə seçki komissiyasının sədri Ceyhun Əbdülov bildirib ki, məntəqədə seçkinin şəffaf və demokratik keçirilməsi üçün hər cür şərait yaradılıb. Seçicilər səhər saatlarından başlayaraq məntəqəyə gəlir, sərbəst və azad şəkildə öz vətəndaşlıq borclarını yerinə yetirirlər.
Səsvermədə iştirak edən Xocalı sakinləri doğma yurdlarında səs verdikləri üçün qürur hissi keçirdiklərini dilə gətiriblər.
Seçici Məlahət Paşayeva deyib: "Ötən 32 il ərzində ölkəmizdə keçirilən seçkidə məcburi köçkün olaraq iştirak edirdik. Nəhayət yurd həsrətimiz bu il başa çatdı - may ayında yenidən Xocalıda məskunlaşdıq və bu gün öz torpağımızda qürurlu Azərbaycan vətəndaşı kimi səs veririk. Bu qüruru, sevinci bizə yaşatdığına görə Prezidentimizə, ordumuza təşəkkürümü bildirirəm".
Qeyd edək ki, ilk dəfədir Azərbaycanın bütün suveren ərazilərində Milli Məclisə seçki keçirilir. Növbədənkənar seçki 6478 seçki məntəqəsində təşkil olunur. Onlardan 6343-ü daimi, 135-i isə müvəqqətidir.
Budəfəki seçkidə 125 yer uğrunda 990 namizəd mübarizə aparır. Namizədliyi qeydə alınan 305 nəfər 25 siyasi partiyanın nümayəndəsidir.
Parlament seçkisində 6 milyon 421 min 960 vətəndaş səsvermə hüququndan istifadə edə biləcək. İşğaldan azad olunmuş ərazilərdə səsvermə hüququna malik 42 mindən artıq seçicinin konstitusion hüquqlarını reallaşdırmaları üçün 54 seçki məntəqəsi yaradılıb.
Seçki günü 18 yaşı tamam olan seçicilərin sayı 374, Milli Məclisə seçkidə səsvermədə ilk dəfə iştirak edəcək seçicilərin sayı isə 51 min 141 nəfərdir.
Seçkini izləmək üçün 51 beynəlxalq qurum və 69 ölkədən olmaqla, 598 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. Yerli müşahidəçi kimi isə 112 min 749 nəfər qeydə alınıb.
Ölkə ərazisində 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
Səhər 08:00-da başlayan səsvermə saat 19:00-da başa çatacaq.
????????????️Xocalıda növbədənkənar parlament seçkisi keçirilir. #parlamentseçkisi2024 #MSK #MilliMəclis
Posted by on