Azərbaycan təcrübəsi Gürcüstan üçün nümunə olmalıdır
"Sevindirici haldır ki, Azərbaycanda keçirilən parlament seçkisi prosesinə heç bir Qərb dövləti və ya təsisatı müdaxilə edə bilmədi. Seçkiöncəsi hər bir deputatlığa namizəd təbliğat və təşviqat kampaniyasını apardı və layiqli olan qalib gəldi".
Bu sözləri "Report"a açıqlamasında Gürcüstanda Beynəlxalq Qafqaz Universitetinin professoru, politoloq Petre Mamradze deyib.
O qeyd edib ki, Qərb institutlarını iki yerə - xoş və pisniyyətli təşkilatlara bölmək olar.
"Xoşniyyətli ölkələr və qurumlar öz idarəçilik modellərinə inanır və istəyir ki, bütün ölkələrdə eyni model tətbiq edilsin. Lakin belə olan halda onlar minilliklərə söykənən mədəniyyəti, adət-ənənələri, mentaliteti görməzdən gəlirlər. Bu məqamda xoş nəticə əvəzinə xaos əmələ gəlir. Digər qruplar isə öz maraqlarını güdən və bu maraqlar naminə dəyərlərin məhv olmasını istəyən kütlələrdir. Bunları da pisniyyətli insanlar adlandırıram. Qərbin pisniyyətli təşkilatları da məhz belələridir. Onlar daim dinc ölkələrdə xaos, insanlar arasında çaxnaşma və iğtişaşlar yaradaraq öz maraqlarını güdürlər. Son zamanlar Qərbin öz alimləri də bu barədə çox yazırlar. Hazırda ərəb ölkələrində baş verənlərə şahidlik edirik. Dinc hökuməti məhv etdilər, indi həmin ölkələrdə müharibə gedir, insanlar məhv olur. O vaxt Qərbi dəstəkləyib hökumətin dağılmasına göz yumanlar bu gün peşman olublar. Bizim regionda da bu cür hallar olmasın deyə biz öz dövlətimizin, suverenliyimizin və milli maraqlarımızın arxasında durmalıyıq".
Politoloqun sözlərinə görə, Qərbin Cənubi Qafqaz regionu ilə bağlı pisniyyətli planları alınmayacaq:
"Biz xalq olaraq bir yerdə onların məkrli planlarını pozmaq və ölkədə stabilliyi qorumaq üçün çalışmalıyıq. Bununla vətən qarşısında xidmətimizi yerinə yetirmiş olacağıq".
Professor hesab edir ki, Azərbaycanın təcrübəsi Gürcüstan üçün bir nümunə olmalıdır. Çünki bu qonşu ölkədə seçki çox sakit və qaydalara uyğun keçdi.
"Bununla da Qərbin də arzuları ürəyində qaldı. Qərbin beyin mərkəzləri elə düşünürlər ki, Azərbaycanda hələ də 90-cı illərdir. Elə bilirlər ki, ovaxtkı kimi Azərbaycan ziyalıları Qərbə maraq salır. Amma düşünmürlər ki, daha Qərbdə göstərilən yaşayışa aldanan, demokratiyaya, iqtisadi inkişaf kimi yalanlara maraq salan yoxdur. Bütün bunlar gözümüzün qarşısında puç oldu. Onların bütün yalanları ifşa edildi. Hər kəs başa düşdü ki, Qərb arzulanan bir yer deyil. Çünki orada edilən hər bir addımın arxasında maraqlar var. Xüsusi maraq olmadan kiməsə bir qəpik belə ayrılmır. İnsanlar başa düşdü ki, Qərb üçün sənin vacibliyin onların işləri səndən keçənə qədərdir", - deyə P.Mamradze vurğulayıb.