Şahramanyanın başı dəmir yumruq, qolu isə dəmir qandal həvəsinə düşüb...
2023-cü ilin 10 sentyabrında Qarabağdakı separatçıların "rəhbər"i seçilən Samvel Şahramanyan üzərindən 1 ay keçməmiş Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tam bərpa etməsi ilə nəticələnən 23 saat 43 dəqiqəlik lokal xarakterli antiterror tədbirlərindən sonra qondarma rejimin buraxılmasına imza atmağa məcbur oldu. Lakin görünür başına dəyən dəmir yumruqdan nəticə çıxarmayan Şahramanyan, hazırda Bakıda istintaq təcridxanalarında layiqli cəzalarını gözləyən "silahdaşları" kimi dəmir qandal həvəsinə düşüb, ona görə də Azərbaycan əleyhinə yenidən gəvəzə bəyanatlar verməyə başlayıb. Düzdür, bədnam terrorçu Ermənistana qaçandan sonra separatçılara verilən ofisin dəmir barmaqlıqları arasından hərdən həm erməni lobbisinin, həm də regionu qarışdırmaq istəyən havadarlarının dəstəyi ilə sərsəmləsə də, səsi bir o qədər gur çıxmırdı. Amma görünür o, indi hansısa statusla Qarabağa qayıtmaq ümidlərini itirmədiklərini dilə gətirməyə ya müxtəlif vədlərlə şirnikləşdirilib, ya da əllərində oyuncağa çevrildiyi sahibləri tərəfindən hərəkətə keçib. Qarabağdan könüllü gedən ermənilərə Azərbaycan vətəndaşlıq alıb bərabərhüquqlu vətəndaş kimi yaşamağı təklif etsə də, separatçılar onları getməyə təhrik etmişdilər ki, bu günlərdə sözügedən amildən Azərbaycan əleyhinə istifadə etsinlər. Unutmaq olmaz ki, təxribatçı fikirlər səsləndirən Şahramanyan həddini aşmaqla özünü növbəti dəfə Arayikin, Saakyanın, Qukasyanın, İşxanyanın, Vardanyanın, Xaçatryanın oturduğu dəmir barmaqlıqların arasından eyni peşmanlıq hissi ilə boylanmağa məcbur edir.
Çünki Şahramanyan təkcə Qarabağa qayıtmaqdan yox, sonlarını gətirən separatçı-terrorçu ideyaları daha da şişirdərək yenidən Azərbaycanın suveren ərazilərini işğal etməkdən bəhs edib. Üstəlik, separatçı rejimin ləğvi haqda özünün verdiyi qərarın heç bir əsası olmadığını bildirərək nəinki özünü ifşa edib, sözün əsl mənasında oyuncaq rejim olduqlarını etiraf edib, həm də havadarlarının fitvası ilə terrorçuluq fəaliyyətlərini davam etdirmək niyyətində olduqlarını, bu mənfur xislətin dəyişməyəcəyini nümayiş etdirib. Əslində isə Qarabağdakı sonuncu separatçıbaşıya nə Qarabağ, nə də ermənilər lazımdır. Onun belə bir dərdi olsaydı, hamıdan qabaq dabanına tüpürüb Ermənistana qaçmazdı. Ona görə də səslənən bu sərsəm iddialar cəfəngiyyatdan başqa bir şey deyil və ermənilərin canından çıxmayan sentyabr xofu onları yenidən işğalçılıq siyasətini özündə ehtiva edən addım atmağa heç vaxt cəsarətləndirə bilməz. Ermənilər 2020-ci ilin sentyabrndan başlayaraq istər 44 günlük Vətən müharibəsi, istər 2022-ci ilin 12-14 sentyabr tarixlərindəki silahlı toqquşma, istərsə də 2023-cü ilin 19-20 sentyabrındakı antiterror tədbiləri ilə hansı aqibətlə üzləşdiklərini və yenə də üzləşə biləcəklərini yaxşı bilir və dərk edirlər.
Məsələnin digər maraqlı tərəfi isə bu cəfəng iddiaların Ermənistandan, həm də Azərbaycanla sülh və sabitliyin əldə edilməsi ilə bağlı danışıqların getdiyi bir vaxtda səsləndirilməsidir. Ermənistan bununla terrorçuları himayə etdiyini, ermənilər də terrorçu xislətlərindən əl çəkmədiklərini bir daha nümayiş etdirirlər. Bu faktla bağlı çoxsaylı nümunələr gətirmək olar ki, bu barədə dəfələrlə danışılıb, dəlillərlə öz təsdiqini tapıb. Misal olaraq, sonuncu nümunəni - Çikaqo Universitetinin 21 yaşlı erməniəsilli tələbəsi Aram Bransonun azərbaycanlılara qarşı istifadə etməyi planlaşdırdığı bombalar hazırlaması, ittiham olunanda isə Ermənistanda gizlənməsini göstərmək olar.
Şahramanyanın bu açıqlamasının haradan və niyə qaynaqlandığını sübuta yetirən digər bir nümunə isə Qərbin aparıcı ölkələri və beynəlxalq təşkilatlarının mütəmadi olaraq Qarabağdan könüllü gedən ermənilərin geri qayıdışı ilə bağlı qərəzli və həqiqəti əks etirməyən bəyanatları ilə bağlıdır ki, bunun da bir çox dəlilləri mövcuddur. Məsələn, ABŞ Konqresinin 2024-cü il sentyabrın 19-da keçirəcəyi tədbiri sonuncu nümunə kimi göstərmək kifayətdir ki, həmin tədbirin məqsədinin Azərbaycanın Qarabağ bölgəsindən Ermənistana gedən ermənilərin geri qayıdışı yox, ölkəmizin daxili işlərinə burun soxmaq olduğunu görə bilərik. Nümunələri paralelləşdirəndə açıq-aşkar demək mümkündür ki, bütün bunlar regiona kənar müdaxilə etmək istəyən qüvvələrin separatçıları hərəkətə gətirməklə bölgədə Azərbaycan Ordusunun sonuna çıxdığı gərginlik ocağını yenidən aktivləşdirmək istəməsidir.
Azərbaycan bütün xalqlara tolerant yanaşsa da, təəssüf ki, Ermənistan həmişə əlinə düşən ilk fürsətdə azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirib, soydaşlarımızı dədə-baba yurdlarından köçməyə məcbur edib. Ona görə də Azərbaycanı bu mövzuda ittiham etmək tamamilə əsassız və absurddur. Çünki ermənilər Azərbaycana sonradan məqsədyönlü şəkildə köçürülüblərsə, azərbaycanlılar indiki Ermənistan ərazisi sayılan Qərbi Azərbaycanın əzəli sakinləri olublar. Ona görə də hər hansı qayıdışdan söhbət gedirsə, ilk növbədə bu, azərbaycanlıların qayıdışı ilə bağlı olmalıdır. Hətta, Ermənistan bu təhlükəli siyasətindən əl çəkməsə, Qərbi Azərbaycan İcması Azərbaycanda mühacirətdə olan Qərbi Azərbaycan hökumətinin təsis edilməsi istiqamətində işlərə başlayacaq və bu xüsusda, ilk olaraq yeni seçilən parlamentdə "Qərbi Azərbaycana qayıdış" komissiyasının yaradılması məqsədilə Milli Məclisə müraciət ünvanlayacaq.
Mərahim Nəsib