Gözəllik naminə kor olmaq: Evdə saç boyama qadına baha başa gəldi
Fransada 61 yaşlı bir qadının evdə saçlarını özü boyama qərarı onun üçün baha başa gəlib. Qadın gözlərini itirmə təhlükəsi ilə üzləşib.
Bakunews.media-ın verdiyi məlumata görə, bu barədə gazeta.ru xəbər verib.
Bildirilir ki, prosedurdan bir neçə gün sonra qadının görmə qabiliyyətində problemlər yaranıb. O, demək olar ki, kor olduğunu gördükdə xəstəxanaya müraciət edib. Aparılan təhlillər zamanı korluğun səbəbinin məhz saç boyası olduğu müəyyənləşib. Boyanın tərkibindəki parafenilendiamin retinopatiyanın (gözün işığa həssas toxumasını qidalandıran qan damarlarının zədələnməsi) inkişafına səbəb olub. Qadın bir az da gec müraciət etsəydi, bu, korluğu geridönülməz edə bilərdi.
Alimlərin sözlərinə görə, parafenilendiamin tez-tez saç boyalarında (xüsusən də tünd rənglərdə) istifadə olunur. Ehtimal ki, kimyəvi maddə baş dərisindəki mikro zədələr vasitəsilə qan dövranına daxil olub və göz hüceyrələrinin sağlamlığını qoruyan kimyəvi reaksiyalara müdaxilə edib.
Həkimlər bunu boya komponentinə nadir allergiya təzahürü ilə izah edirlər. Adətən belə yan təsirlər təlimatlara riayət edilmədikdə və həddindən artıq miqdarda tərkib tətbiq edildikdə baş verir.
Xoşbəxtlikdən, zərərçəkənin görmə qabiliyyəti dörd ay ərzində tam bərpa olunub.
Tədqiqatın nəticələri "JAMA Ophthalmology" jurnalında dərc edilib. Alimlər sağlamlıq risklərindən qaçmaq üçün parafenilendiamin tərkibli boyalardan ehtiyatla istifadə etməyə və istehsalçının göstərişlərinə ciddi şəkildə əməl etməyə çağırırlar.