"Milan"dan darmadağın, "Real", PSJ və "Çelsi"dən qələbə
Avropanın aparıcı çempionatlarında növbəti turun oyunları keçirilib.
Bakunews.media xəbər verir ki, İtaliya A Seriyasında "Milan" öz azarkeşləri önündə bu il yüksək liqaya qoşulan "Venesiya"nı darmadağın edib - 4:0. Maraqlıdır ki, bütün qollar matçın ilk 30 dəqiqəsində vurulub. Hazırda "Milan" cəmi 5 xalla çempionatda 8-cidir.
İngiltərə Premyer Liqasında "Çelsi" "Bornmut"un qonağı olub. "Zadəganlar" son dəqiqələrdə vurduqları yeganə qolun sayəsində üç xalı qazanıblar - 0:1. Nkunku 86-cı dəqiqədəki dəqiq zərbəsilə komandasının qələbəsini təmin edib. Bu qələbədən sonra aktivində 7 xalı olan London klubu turnir cədvəlində də 7-ci pillədədir.
"Real Madrid" isə bu tur səfərdə "Real Sosyedad"ın qonağı olub. Kral klubu Mbappe və Vinisiusun qolları ilə qalib gəlib - 0:2. Paytaxt komandası hər iki qolu penaltidən vurub. Hazırda Madird "Real"ı "Barselona"dan bir oyun artıq keçirsə də ondan bir xal geri qalaraq La Liqada ikinci yeri tutur.
Bu tur "Brest"i sınağa çəkən PSJ üç xalı geridönüşlə qazanıb. Parislilər ilk qolu buraxan tərəf olsalar da, oyunun gedişində rəqibin qapısına üç dəfə yol tapmağı bacarıblar - 3:1. Dembele dublla fərqlənib. Paytaxt komandası çempionata başçılıq edir.