Bakının qədim qapılarına yeni həyat verilir

Bakı Abadlıq Xidmətinin paytaxtda baş tutacaq Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) ilə bağlı "Baku Doors" ("Bakı qapıları") layihəsini həyata keçirir.

Bakunews.media xəbər verir ki, Xidmətin açıqlamasında bu layihəyə 2021-ci ilin martında start verildiyi qeyd olunur.

Məlumatda qeyd olunur ki, ilkin olaraq Bakıda aparılan monitorinq zamanı tarixi binalardakı köhnə orijinal qapıların əksəriyyətinin təmirinə ehtiyac olduğu aşkarlanıb.

Layihə rəhbəri, bərpaçı memar Rüfət Quliyevin dediyinə görə, ötən əsrin əvvəllərində şəhər mərkəzində tikilən malikanələrdə girişin taxta qapıları orijinal sənət nümunələri sayıldığı üçün qərara alınıb ki, mövcud qapılar əsaslı təmir olunsun:

"Bu məqsədlə xüsusi emalatxana yaradılıb. Təmir olunmalı qapılar sökülüb çıxarılır, sakinlərə narahatlıq yaranmasın deyə yerinə müvəqqəti başqa bir qapı qoyulur.

Tarixi qapılar emalatxanaya gətirilir. Öncə yüz ildən artıq bir müddətdə qapılara çəkilən boya qatları təmizlənir. Daha sonra qapının üzərindəki memarlıq elementləri, naxışlar öyrənilir, deformasiya olunan hissələr, qırılıb aşınmış detallar yenidən hazırlanır. Son olaraq bərpa olunmuş qapıların üzərinə bir neçə qat xüsusi qoruyucu lak örtüyü çəkilir ki, yağışa-küləyə, istiyə-soyuğa davamlı olsun. Qapı tam hazır olandan sonra yerinə qoyulur".

Rüfət Quliyevdən aldığımız məlumata görə, qapıların bərpasına heç də həmişə eyni vaxt sərf edilmir. Qapının mövcud vəziyyətinə görə proses bir aydan iki ayadək uzana bilir.

Layihə rəhbəri bildirir ki, bu, çox mürəkkəb proses olduğu üçün şirkətdəki mütəxəssislər işin məsuliyyətini nəzərə alaraq ehtiyatla davranır, ən xırda detalları belə bərpa etməyə çalışırlar:

"Bu gün emalatxanada iş gedir. 28 May küçəsi, 42 ünvanındakı tarixi qapı bərpa olunur, daha sonra isə 28 May küçəsi, 88 ünvanındakı köhnə qapı bərpa ediləcək".

Beləliklə, Bakı Abadlıq Xidmətinin mütəxəssisləri "Baku Doors" ("Bakı qapıları") layihəsi çərçivəsində paytaxtdakı tarixi qapıların bir çoxuna əl gəzdirəcəklər. Layihənin COP-29 tədbirindən sonra da davam etdiriləcəyi bildirilib.

0.37376189231873