Sumqayıtda kişi keçmiş arvadını boğmaq istədi
Sumqayıt şəhərində 1984-cü il təvəllüdlü Ramal şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı keçmiş həyat yoldaşı Fəridəyə (adlar şərti göstərilib - red.) xəsarət yetirib.
Demokrat.az-ın məlumatına görə, Ramal keçmiş arvadı Fəridə ilə şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı birgə yaşadıqları evdə əli ilə onu boğazından tutub, boğmağa cəhd edib. Sonra isə sifətinə əlinin içi ilə zərbə vuraraq ona müxtəlif dərəcəli xəsarətlər yetirib.
Hadisəni törədən Ramalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ramal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, 2016-cı ildə Sumqayıt şəhər sakini Fəridə ilə evlənib, həmin nikahından iki övladı var:
"Fəridə ilə mənə məxsus evdə anam Sevil, qardaşım Saleh və iki övladım ilə birlikdə yaşamışıq. Fəridə gəlin gələn vaxtdan qısa müddət sonra evdə ailə məişət zəminində xırda məsələlərdə münaqişələr yarandı. Bu səbəbdən 2022-ci ildə biz məhkəmə qaydasında boşandıq. Lakin dövlət tərəfindən Fəridəyə həmin evdə yaşamaq üçün bir otaq verildi. Fəridə də həmin evdə bizimlə birlikdə yaşadı".
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü, saat 14 radələrində yaşadığı evdə Fəridə ilə aralarında münaqişə yaranıb:
"Fəridənin bir tanışından borc pul aldığını öyrəndim. Həmin vaxt ona tanımadığı şəxsdən borc pul aldığına görə irad bildirdim. Daha sonra əsəbiləşərək Fəridənin boğazından tutub sıxdım və sifətinə əlimin içi ilə zərbə vurdum. Bundan sonra Fəridə əlimdən çıxaraq digər otağa keçdi və evdən çıxaraq anasının yaşadığı məkana getdi. Sonradan mənə məlum oldu ki, Fəridə məndən şikayət verib".
İş üzrə zərərçəkmiş qismində ifadə verən Fəridənin sözlərinə görə, 2016-cı ildə Ramal ilə evlənib, həmin nikahından iki övladı dünyaya gəlib: "Evli olduğumuz vaxt Ramal, qayınanam, qaynım və iki övladım ilə birlikdə yaşamışıq. Gəlin gedən vaxtdan qısa müddət sonra evdə ailə məişət zəminində xırda məsələlərdə münaqişələr yarandı. Bu səbəbdən 2022-ci ildə Ramaldan boşandım. Dövlət tərəfindən mənə Ramalın yaşadığı evində bir otaq verildi. Mən həmin evdə yaşamışam".
Zərərçəkmiş bildirib ki, hadisə günü, saat 14 radələrində yaşadığı evdə yenə aralarında münaqişə yaranıb:
"Mən bir tanışımdan borc pul aldım. Həmin vaxt Ramal mənimlə tanımadığım şəxsdən niyə borc pul aldığıma görə münaqişə yaratdı. Daha sonra üzərimə hücum etdi, boğazımdan tutaraq sıxdı və sifətimə əlinin içi ilə zərbə vurdu. Ramalın əlindən çıxaraq digər otağa keçdim və sonra anamın yaşadığı evə getdim. Ramal tərəfindən döyülən zaman hadisəyə şahidlik edən olmayıb. Münaqişə təxminən 5 dəqiqə davam etdi. Təqsirləndirilən şəxs ilə barışımışam. Ona qarşı hər hansı şikayətim və tələbim yoxdur".
Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb.
Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Ramalın barəsində olan cinayət təqibinə xitam verilib.
O, cinayət məsuliyyətindən azad edilib.