Xuliqanlıqda təqsirləndirilən dostların MƏHKƏMƏSİ: "Atəş səsi eşitdim, sonra isə..."

Bakıda vətəndaşı döyərək xuliqanlıq etməkdə təqsirləndirilən dostların məhkəməsində şahidlər dindirilib.

Bizim.media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə şahid Elşən Məhərrəmov ifadə verib.

O, bildirib ki, təqsirləndirilən şəxslərdən Ramillə dost olub:

"Nemanla Fuadı da tanımışam. Lakin yaxınlığımız olmayıb. Həmin gün Sumqayıtda restoranda oturmuşduq. Ramil zəng edib harada olduğumu soruşdu. Mən də ona ünvanı göndərdim. Sonra Ramil Nemanla birlikdə gəldi. Daha sonra digər tanımadığım şəxslər gəldilər. Təqribən saat 10 radələrində Mirəhməd Sadıqov zəng etdi və Ramillə danışdı. Ramil əsəbi halda danışıb çölə çıxdı. Qayıdandan sonra çıxdıq.

Onlar Mirəhmədlə görüşə getdilər. O, şəxslə ədavəti olmayıb. Həmin hadisə baş verən əraziyə görüşüb dost kimi getmişdilər. Səmimi görünürdülər. Daha sonra nə oldu bilmirəm. Bir də telefonla danışdıqları zaman Röyal adını tez-tez eşidirdim. Bildiyim qədəri ilə, Röyal onların ortaq dostlarıdır, eşitdim ki, məsələ onunla bağlı olub. Qayıdanda dedilər ki, dalaşıblar.

Ramildən başqa Neman da həmin əraziyə getmişdi. Digər iki təqsirləndirilən şəxsi görmədim. Onların əlində hər hansı bir alət və soyuq silah görmədim.

Hadisədən sonra Mirəhməd qayıtmadı. Onun nə vəziyyətdə olduğunu bilmirdim. Amma atəş səsi eşitdim. Ondan sonra 1 saat heç kim danışmadı".

Dövlət ittihamçısı Tural Yaqubov bildirib ki, şahidin istintaqdakı ifadəsi ilə hazırkı çıxışı arasında bəzi yerlərdə ziddiyyətlər var və xahiş edib ki, ifadəsi elan edilsin.

Daha sonra məhkəmə şahidin ibtidai istintaq dövründə verdiyi ifadəsini proses iştirakçılarına elan edib.

Məhkəmənin növbəti iclası oktyabrın 18-nə təyin olunub.

Qeyd edək ki, hadisə ötən ilin avqustunda paytaxtın Səbail rayonu ərazisində qeydə alınıb.

Belə ki, təqsirləndirilən şəxslər Nihad Xəlilov, Neman Əfkarov, Ramil Dadaşov və Fuad Haqverdiyevlə birlikdə silah qismində istifadə olunan əşyadan istifadə etməklə vətəndaş Mirəhməd Sadıqova qarşı zor tətbiq edərək, xuliqanlıq etmiş və zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurublar.

Fuad Haqverdiyev və Neman Əfkarova qarşı Cinayət Məcəlləsinin 221.3-cü (silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq), Ramil Dadaşova 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə), Nihad Xəlilova isə 126.2.4-cü (qəsdən sağlamlığa zərərvurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə) vǝ 221.3-cü (silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, təqsirləndirilən şəxslərdən Nihad Xəlilov ev dustaqlığı, Ramil Dadaşov barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

0.054216861724854