18 yaşlı gəncdən inanılmaz əməl: Qadınla əlbir olub kartlarına 700 min manat köçürtdü
Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi Farmaniya.com dələduzluq piramidasını ifşa edib.
Bakunews.media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, son aylar ölkənin virtual məkanında, xüsusən sosial şəbəkələrdə onlayn piramida dələduzluq sxemi əsasında yatırım saytı adı altında fəaliyyət göstərən Farmaniya.com platformasında vətəndaşların pul vəsaitlərinin ələ keçirildiyi barədə DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə çoxsaylı şikayətlər daxil olub.
"Keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində həmin qanunsuz əməllərin qeydə alındığı tətbiqin idarəetmə panelinin admini, 2006-cı il təvəllüdlü Hüseyn Quliyev müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla məlum olub ki, o, sosial şəbəkələrdə özünü bloqer kimi təqdim edərək Farmaniya.com saytının rəsmi investisiya layihəsi kimi reklamını aparıb və müxtəlif şirnikləndirici vədlərlə istifadəçilərin etibarını qazanıb. H.Quliyev zərərçəkənlərə yatırdıqları sərmayənin müqabilində yüksək məbləğdə qazanc əldə edəcəklərini bildirib və həqiqətə uyğun olmayan təkliflərlə dələduzluq piramidası yaradıb.
Bu yolla sayta müraciət edən 18 mindən çox şəxsin qeydiyyatdan keçməsinə və nəticədə 400 min manata yaxın vəsaitin dələduzluq yolu ilə mənimsənilməsinə nail olub.
H.Quliyev vətəndaşların pullarını ələ keçirmək üçün tanışı, 2004-cü il təvəllüdlü Badamxanım Əhmədovanın adına açılmış elektron pul kisəsindən istifadə edib. Bu fəaliyyətinin müqabilində həmin şəxs də dələduzluq yolu ilə əldə olunan vəsaitlərdən maddi gəlir qazanıb. Tədbirlərin davamı olaraq B.Əhmədova da Baş İdarə əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb edilib", - deyə məlumatda qeyd olunub.
Qeyd edilib ki, aparılmış araşdırmalarla saxlanılan şəxslərin həyata keçirdikləri dələduzluq əməlləri zamanı istifadə etdikləri bank kartlarına 700 min manatdan artıq vəsaitin mədaxil olunduğu aşkarlanıb:
"Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələr ilə cinayət işi başlanılıb. H.Quliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onunla bu hüquqazidd əməllərdə əlbir olan digər şəxslərin də müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər davam etdirilir. H.Quliyevin idarəçisi olduğu Farmaniya.com tətbiqi vasitəsilə zərərçəkən digər vətəndaşlar polis orqanlarına müraciət edə bilərlər".
DİN bir daha vətəndaşları onlayn platformalarda qarşılaşdıqları və heç bir iqtisadi əsası olmayan piramida dələduzluq sxemlərini təşkil edən şəxslərə, həmçinin yatırım adı altında şişirdilmiş qazanc vəd edən Farmaniya.com tipli tətbiqlərə inanmamağa çağırıb.
18 yaşlı gəncdən inanılmaz əməl: Qadınla əlbir olub kartlarına 700 min manat köçürtdü