Klublararası Dünya Çempionatının finalı harada keçiriləcək?
2025-ci ildə keçiriləcək Klublararası Dünya Çempionatının həlledici oyunu ABŞ-nin Nyu-Cersi ştatındakı "MetLife" stadionunda baş tutacaq.
Bakunews.media xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Federasiyasının (FİFA) Mətbuat Xidməti məlumat yayıb.
FİFA turnirin oyunlarının keçiriləcəyi 12 stadionu təsdiqləyib. Oyunlara Nyu-Cersidən əlavə, Şarlotta, Sinsinnati, Los-Anceles, Mayami, Neşvil, Orlando (iki arena), Filadelfiya, Sietl, Vaşinqton və Atlanta ev sahibliyi edəcək.
Qeyd edək ki, 2025-ci ildə ilk dəfə 32 komandanın iştirakı ilə Klublararası Dünya Çempionatı keçiriləcək. Yarışa Avropadan 12 klub (bunlara Çempionlar Liqasının son 4 qalibi, həmçinin klublar reytinqində ən yaxşı 8 komanda daxil olacaq), Cənubi Amerikadan 6, Şimali Amerika, Afrika və Asiyadan 4 klub, Okeaniyadan 1, eləcə də ev sahibi ölkənin nümayəndəsi qatılacaq. Komandalar dörd klubdan ibarət səkkiz qrupa bölünəcək və hər bir rəqiblə bir dəfə oynayacaq. Hər kvartetdən iki ən yaxşı komanda 1/8 finala yüksələcək.
Turnir 2025-ci il iyunun 15-dən iyulun 13-dək ABŞ-də keçiriləcək. Yarışın dörd ildən bir keçirilməsi planlaşdırılır. Turnirin mükafat fondunun 2.5 milyard dollar olacağı gözlənilir.