Burak Yılmaz "Beşiktaş"a məğlubiyyətdən sonra istefa verib
Türkiyənin "Kayserispor" komandasının baş məşqçisi Burak Yılmaz istefa verib.
Bakunews.media xəbər verir ki, o, Superliqanın VII turunda doğma meydanda "Beşiktaş"a 0:3 hesabı ilə məğlub olduqları oyundan sonra bu qərarı verib.
"Özümlə bağlı danışmağa ehtiyac yoxdur. Kayseri şəhərinə və kluba təşəkkür edirəm. Ötən mövsüm məni bu vəzifəyə layiq bilib gətirdilər. Mövsümün əvvəlində transfer cəzası aldıq, buna görə getməyəcəyimi söylədim və bir dəfə də olsun etiraz etmədim. Hər şeyi etdik... Yatmadıq, bazada qaldıq, oyun planı, təzyiq, uşaqlarla söhbət... Bir şey qaldı, o da mənim ayrılmağım. Məşqçi dəyişikliyinin bu şəhərə, komandaya fayda verə biləcəyini düşünərək istefa verirəm", - deyə Burak Yılmaz bildirib.
39 yaşlı mütəxəssis bu ilin yanvar ayından Kayseri təmsilçisinə rəhbərlik edirdi.
Qeyd edək ki, "Kayserispor" turnir cədvəlində 3 xalla 17-ci sırada yer alıb.