Qalmaqallı məhkəmədə aparıcı Zaur Baxşəliyevin adı hallandı

Talassemiyalı xəstələrin valideynlərinə qarşı dələduzluqda ittiham olunan Nuridə Seyidova, Aysel Məmmədova və Aynur Bayramovanın cinayət işinin növbəti məhkəmə baxış iclası keçirilib.

Bakunews.media-ın məlumatına görə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə əvvəlcə hakim zərərçəkənlərin hüquqlarını bir daha onlara xatırladaraq yerindən icazəsiz etiraz bildirməklərinə iradını bildirib.

Proses daha sonra təqsirləndirilən Aynur Bayramovanın hakimin suallarını cavablandırmağı ilə davam edib. Aynur Bayramova ona ünvanlanan suallara cavab olaraq bildirib ki, onun ittiham olunduğu 23 epizodun heç biri üzrə özünü təqsirli hesab etmir. O, xəstələrin valideynlərindən aldığı vəsaitləri bütünlüklə Nuridə Seyidovaya təhvil verdiyini deyib.

Daha sonra xəstələrdən birinin valideyni Nüşabə Məmmədova ATV kanalında yayımlanan "Bizimləsən" verilişinin aparıcısı Zaur Baxşəliyev vasitəsilə 34 000 manat verdiyini məhkəmə heyətinin diqqətinə çatdırıb. Talassemiya mərkəzinin rəsmi mühasibatlığı və kassası olduğu halda Aynur Bayramovanın qanunsuz olaraq zərərçəkənlərdən fərdi qaydada vəsaitləri toplaması məsələsinə aydınlıq gətirməkdən yayınaraq, "buna görə mərkəzin talassemiya bölməsinin baş həkimi Xuraman Cəfərova məsuliyyət daşıyır, gedin suallarınızı ona verin", - deyərək cavab verib. Bundan sonra zərərçəkənlər Xuraman Cəfərovanın məhkəməyə ifadə vermək üçün çağırılmasını məhkəmədən istəyiblər. Məhkəmənin növbəti prosesi oktyabrın 9-na təyin edilib.

Qeyd edək ki, talassemiya xəstələrinin valideynlərinə qarşı dələduzluq edilməsi ilə bağlı ötən ilin fevral ayında daxili işlər orqanlarına məlumat daxil olub. Məlumat əsasında cinayət işi başlanılıb. Müəyyən edilib ki, Nuridə Seyidova adlı şəxs Aysel Məmmədova adlı qadınla əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 980 min manatlıq dələduzluq edib. Öncə Nuridə Seyidova barəsində həbs qətimkan tədbiri seçilib. Daha sonra isə digər təqsirləndirilənlər Aysel Məmmədova və Aynur Bayramova zərərçəkənlərin vəsatəti əsasında məhkəmə zalından həbs olunublar.

Elgün Həsənli

0.098200082778931