Çimərlikdə alınan qisas: Qohumunu güllələyən "Mərdəkanlı Amin"in qardaşı hakim qarşısında
Xəzər rayonunda yaxın qohumunu güllələyərək qətlə yetirməkdə təqsirləndirilən Pərviz Xudaverdiyev və onun əmisi oğlu Seymur Xudaverdiyevin cinayət işinin məhkəmə baxış iclası olub.
Bakunews.media-ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə sərbəst ifadə üçün söz verilsə də, o, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək məhkəmədə sərbəst ifadə verməkdən imtina edib.
Buna görə də hakim onun istintaqa verdiyi ifadəsini proses iştirakçılarının diqqətinə çatdırıb.
Qeyd edək ki, qətl hadisəsi 2023-cü ilin noyabrın 1-də Xəzər rayonu Şağan qəsəbəsində baş verib. İş adamı 53 yaşlı Cavanşir Abdullayevin "Revolver" markalı tapança ilə qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb. Cinayət əməlini törətməkdə şübhəli bilinən 38 yaşlı Pərviz Xudaverdiyev polisə gələrək könüllü təslim olub.
İstintaq zamanı o da məlum olub ki, cinayətin törədilməsində Pərviz Xudaverdiyevin əmisi oğlu Seymur Xudaverdiyevin də iştirak etməsinə əsaslı şübhələr yarandığından o da məsuliyyətə cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalarla hadisənin qohumlar arasında ailədaxili mübahisələr zəminində törədildiyi bildirilib.
Xatırladaq ki, bu hadisədən bir müddət sonra qətlə yetirilən Cavanşir Abdullayevin oğlu Ruhulla Abdullazadə atasını öldürməkdə təqsirləndirilən Pərviz Xudaverdiyevin qardaşı "Mərdəkanlı Amin" kimi tanınan, kriminal aləmdə nüfuz sahibi olan Amin Xudaverdiyevi Mərdəkandakı çimərliklərdən birində güllələyərək qətlə yetirib.
Elgün Həsənli