"Google Maps" xəritələrində Antarktidada sirli "qapı" aşkarlanıb
Sosial şəbəkə istifadəçiləri Antarktidanın peyk görüntülərində insanlara "giriş qapısı"nı xatırladan bir obyekt aşkar ediblər.
Bakunews.media-ın "Daily Mail"ə istinadla verdiyi məlumata görə, görüntü sosial şəbəkə istifadəçiləri tərəfindən çoxlu müzakirəyə səbəb olub.
Bildirilib ki, "qapı" Yaponiyaya məxsus Şova stansiyasının cənub-şərqində yerləşir. Şərhçilər bunun "Bigfut"un evi və ya "Star Trek"dən olan "şatl" ola biləcəyi barədə öz nəzəriyyələrini irəli sürməyə başlayıblar.
Lakin alimlər obyekt barədə elmi izah veriblər. Nyukasl Universitetinin qlyasiologiya professoru Betan Devis şəkildəki məlumatları təhlil edərək izah edib ki, bu, dayaz sularda ilişib qalmış və indi əriyən bir aysberq ola bilər.
Vulkanoloq professor Con Smelli isə əlavə edib ki, "qapı"nın yuxarı hissəsi buzun əriməsi nəticəsində yarana bilər.
"Mən demək olar ki, əminəm ki, bu sadəcə təbii bir hadisədir və burada narahat olmalı bir şey yoxdur", - deyə o yekunlaşdırıb.