Üç qurumdan birgə məlumat: "Bakı Kənar Dairəvi yolunda hərəkət məhdudlaşdırıla bilər"

Fövqəladə Hallar, Daxili İşlər nazirlikləri və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat Xidmətlərinin birgə məlumat yayıb.

Bakunews.media xəbər verir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində qaya parçalarının Bakı Kənar Dairəvi yoluna doğru uçqun təhlükəsinin aradan qaldırılması üçün aidiyyəti dövlət qurumları tərəfindən müvafiq tədbirlər həyata keçirilir.

"Bu çərçivədə avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə qeyd olunan tədbirlər bitənə kimi Bakı Kənar Dairəvi yolunda avtomobillərin hərəkəti fasilələrlə məhdudlaşdırıla bilər.

Bununla əlaqədar sürücülərdən göstərilən məsələyə anlayışla yanaşılması və müvəqqəti tətbiq olunan məhdudiyyətləri nəzərə alaraq alternativ yollardan istifadə edilməsi xahiş olunur".

"Bakı Kənar Dairəvi Yolunun sol tərəfində, yamacın yuxarı hissəsində mövcud karnizşəkilli süxur kütlələrindən 6.5 metr uzunluğunda bir hissə qırılıb".

Bunu Bakunews.media-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev bildirib.

O qeyd edib ki, bu, sürüşmə prosesi olmasa da, ekzogen-geoloji prosesin bir növüdür.

"Hazırda müvafiq qurumlar tərəfindən qırılan süxur kütləsinin götürülməsi istiqamətində tədbirlər görülür", - deyə Ə.Əliyev vurğulayıb.

"Bakı Kənar Dairəvi avtomobil yolunun sol tərəfində nəticəsində xəsarətlə nəticələnə biləcək hər hansı hadisə baş verməyib".

Bu açıqlamanı Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev Bakunews.media-ın sorğusuna cavab olaraq verib.

O qeyd edib ki, sözügedən ərazidə hazırda tam şəkildə təhlükəsizlik tədbirləri görülür.

"Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları və eləcə də aidiyyəti qurumların əməkdaşları ilə birlikdə ərazidə lazımi tədbirləri görürlər. Həmin istiqamətdə sürücülərin təhlükəsizliyi tam şəkildə təmin edilib", - deyə E.Hacıyev bildirib.

Qeyd edək ki, hadisə dünən saat 16 radələrində Bakı Kənar Dairəvi avtomobil yolunun 6-cı kilometrliyində qeydə alınıb. Hadisə zamanı Qaradağ rayonu, Lökbatan yolu ərazisində qaya parçaları qırılaraq yolun hərəkət hissəsinə uçub. Yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Əzizə İsmayılova

0.1977641582489