Fuad Əliyev: Yaxşılığı reklam etmək üçün etməzlər

Bir aydan çoxdur ki, Azərbaycanda koronavirusla əlaqədar karantin rejimi hökm sürür. Bu müddət ərzində ölkədə imkansız, aztəminatlı ailələrə ən müxtəlif qurumlar, imkanlı şəxslər tərəfindən edilən yardımlar davam etməkdədir. Burada iqtidaryönlü şəxslər, dövlət qurumları daha fəal görünür. Müxalif düşərgədən də ara-sıra yardımların olunduğunu sosial şəbəkələr üzərindən izləməkdəyik. Amma bunun kütləvi şəkildə olduğunu demək olmur. Bəlkə də yardım edilir, sadəcə, məlumat verilmir. Bunun üçün də siyasi partiyalara müraciət etdik. 

Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev etdiyi yardımlardan danışdı: “Partiya olaraq nəinki bu pandemiya dövründə, ümumiyyətlə, il boyu imkan dairəmizdə bu yardımları edirik, uşaq və qocalar evlərinə, imkansız ailələrə, tənha qocalara. İndi də bu karantin dövründə yuxarıda qeyd etdiyim insanlara yardımlar etmişik. Mən şəxsən marketə girəndə orada açılan imkansız insanlar üçün ayrılan ərzaq yardımı guşələrinə ərzaq alıb qoyuram. Sadəcə, bu işlərimizi ictimailəşdirmirik. Hesab edirəm ki, bu işləri sadəcə görmək lazımdır. İmkansızlara yardım kampaniyasını lentə alıb, sosial şəbəkələrdə ictimailəşdirməyin tərəfdarı deyiləm. Yaxşılığı reklam etmək üçün etməzlər”.

Cavanşir ABBASLI,
Musavat.com

0.044483184814453