Fuad Əliyev: “Bəlkə də onlarla dialoq başlanıb, amma...”

Ali Məhkəmənin Plenumunun REAL sədri İlqar Məmmədov və partiyanın İdarə Heyətinin üzvü Rəsul Cəfərov barəsində bəraət qərarı çıxarması günlərdir müzakirə edilir. Adları çəkilən şəxslərdən birinciyə 234 min, ikinciyə isə 57 min 400 manat kompensasiya təyin edilməsi daha çox dartışılır. Bu məsələ ilə bağlı müxalif düşərgə tərəfindən sərt təpkilər göstərilir. Xüsusilə AXCP-dən ibarət olan Milli Şura tərəfdarları İ.Məmmədov və R.Cəfərovu “məhşər ayağı”na çəkirlər. Açıq şəkildə REAL rəhbərliyi hakimiyyətlə anlaşmada ittiham olunur. REAL sədri ilə eyni vaxtda, eyni iş üzrə həbs edilən, sonra əfvlə azadlığa buraxılan, hazırda isə digər bir ittihamla həbsdə olan Müsavat funksioneri Tofiq Yaqublu haqqında belə qərarın verilməməsinə diqqət çəkilir. 

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Ali Məhkəmənin qərarları ilə bağlı mövqeyini "Yeni Müsavat" qəzetinə açıqladı.

 ALDP rəhbəri Fuad Əliyev: “Birincisi, Avropa Məhkəməsinin qərarına əsasən Ali Məhkəmə onlara bəraət verib və təzminatla bağlı qərar çıxarıb. Bunu müsbət hal kimi qiymətləndiriəm. Hakimiyyət iqtidar-müxalifət dialoqunun başlanması üçün bir neçə addımlar atıb. Dövlət başçısı İlham Əliyev çıxış edərək siyasi islahatların aparılması, çoxpartiyalı sistemin inkişaf etdirilməsi və siyasi qüvvələr arasında dialoqun vacibliyi haqqında mühüm mesajlar verib. PA rəsmisinin bütün siyasi partiyalarla görüşlər keçirməsi, siyasi partiyaların Ədliyyə Nazirliyi tərəfindən rəsmi olaraq qeydə alınması, Azadlıq Partiyasının sədri Əhməd Orucun, eləcə də hüquq müdafiəçisi Oqtay Gülalıyevin Heydər Əliyev Fondu tərəfindən müalicəsinin Türkiyədə davam etdirilməsini də yeni siyasi münasibətlərin formalaşmasının göstəricisi kimi qiymətləndirmək və bütün bunları təqdirəlayiq hal kimi qəbul etmək lazımdır. İkincisi, REAL özü bu addımı hökumətlə dialoqun nəticəsi kimi təqdim edir. Bilmirəm, bəlkə də onlarla dialoq başlanıb, amma bu daha çox siyasi qərardir. Əqər bu siyasi qərar deyilsə, onda Tofiq Yaqubluya da bəraət qərarı verilməli idi. Açığı, Tofiq Yaqublu ilə bağlı qərarı gözləyirdim. Bu qərar verilsə idi, onda yuxarıda sadaladığım hakimiyyətin addımlarına bu qərarda əlavə oluna bilərdi. Bu qərar daha çox iqtidar-REAL dialoqunun və yaxud razılaşmanın nəticəsində verilən qərar olub”.

https://musavat.com/news/muxalifetden-ilqar-memmedov-ve-resul-ceferova-beraet-qerarina-reaksiya_697298.html

0.047613859176636