Fuad Əliyev: Bu gün adi vətəndaş çörək dalınca qaçmaq məcburiyyətindədir

"YAP çalışır ki, liberal qanunlar, liberal dəyərlərlə fəaliyyət göstərsin"

Bunu  Baku News-a müsahibəsində Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev deyib. Müsahibən təqdim edirik.

-İndiki vəziyyətdə təbii ki, Azərbaycanda liberal demokratların fəaliyyətini, ümumiyyətlə, cəmiyyətimizin bu ideologiyaya yanaşmasını necə qiymətləndirirsiniz?

- Bu gün Azərbaycanda heç bir ideologiya işləyə bilməz. Azərbaycanda heç bir ideologiyanın təsir mexanizmi, bu ideologiyaların cəmiyyətə təsir gücü demək olar ki, yoxdur. Çünki bu gün adi vətəndaş çörək dalınca qaçmaq məcburiyyətindədir.


- Siz belə hesab edirsiniz ki, bu gün Azərbaycanda ideologiyalar formal xarakter daşıyır və bu ideologiyaların işlənməsi, təbliğatı üçün lazımı şərait yoxdur?

- Bəli. Biz bu gün hansısa liberal dəyəri cəmiyyətə təqdim etsək də, bu, cəmiyyət üçün maraqlı deyil. Cəmiyyətə konkret olaraq hansısa iş yerinin açılacağıyla bağlı faktı təqdim etmək lazımdır. Sosial problemlər cəmiyyətimizin ideologiyalara yanaşma tərzlərini çoxdan üstələyib, onu arxa plana keçirib. Mən dünya çapında liberal demokratların fəaliyyəti məsələsinə toxunmaq istərdim. Yaponiyanı misal götürək. Liberallar və liberal demokratlar 1947-ci ildən Yaponiyada hakimiyyətdədirlər. 1951-ci ildən hakimiyyət liberallardan liberal demokratlara keçib. Bu günə gədər hakimiyyətdə olan liberal-demokratlar nümünəvi bir ölkə yaradıblar. Digər bir misal. Mən 8 il bundan qabaq Vaşinqtonda olanda metrodakı qaranlığı görüb zarafatyana onlara dedim ki, bizim Tağı Əhmədov bunu görsəydi ürəyi partlardı. Bizdə metroda yanan işıqları görsəniz dəhşətə gələrsiniz. Niyə sizin metronuz bu vəziyyətdədir? Onlar mənə dedilər ki, “bizə əsas o lazımdır ki, vətəndaşın qarnı tox olsun, bütün imkanlardan yararlana bilsin. Amma Azərbaycanda adi bir keçidi tikib 3 milyon silirlər. Sizdə mərməri yerə döşəyirlər, kimə lazımdır bu?”. Ona görə də Amerikada liberal dəyərdən danışanda bunu dərk edib normal münasibət, normal mövqe nümayiş olunur. Amma bizdə liberal dəyərdən danışanda, adama deyirlər ki, qardaş, mənə bu dəyər lazım deyil, mənə lazımdır ki, evə gedəndə uşağımın istədiyini ona verə bilim. Bu gün problemi olan vətəndaşa mən hansı dəyərlərdən, hansı ideologiyadan danışa bilərəm?..

- Deməyinizdən belə çıxır ki, vətəndaşı qələbəyə aparan yol onun mədəsindən keçir, düzmü anladım?

- Daha doğrusu, onun ailəsinin ehtiyaclarının təmin edilməsindən keçir. Mən bir dəfə Rumıniya səfirilə görüşmüşdüm, o zaman həmin səfir çox maraqlı bir fikir söylədi: “Vaxtilə sosializm şinelindən çıxan Rumıniyada liberallar hakimiyyətə gəldilər və onlar məcbur oldular ki, liberal dəyərlərə deyil, məhz sosial demokratiyaya üstünlük verib, bu ideologiyanın qanunlarıyla ölkəni idarə etsinlər. Və etdilər də. Bir müddətdən sonra hakimiyyətə sosial demokratlar gəldilər. Zaman onları da məcbur etdi. Onlar da dövləti sosial demokratiya qanunlarıyla deyil, məhz liberal demokratiyadan yararlanaraq idarəetmə metoduna güvəndilər. Yəni, cəmiyyətin tələbatına uyğun olaraq hakimiyyətlər öz addımlarını atırdılar.


- Bugünkü hakimiyyət o tələbatı nəzərə alırmı?

- Yeni Azərbaycan Partiyası “Sosintern”in üzvüdür. Amma YAP çalışır ki, liberal qanunlar, liberal dəyərlərlə fəaliyyət göstərsin.

- Niyə görə?

- Çünki məcburdur. Artıq gedib Avropada digər birliklərə əməkdaşlıq edirlər.

0.052009105682373