Partiya sədri: Əbülfəz Qarayev istefa verməlidir

Bunu Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev DXT tətəfindən Mədəniyyət Nazirliyində vəzifəli şəxslərin həbslərinə Baku News-a şərh edərkən bildirib.
Fuad Əliyevin sözlərinə görə, Azərbaycanda, hətta rəsmi çağırış olsa belə, istefaların baş verə biləcəyi real görünmür:
“Hətta yaxın gələcəkdə məmurların könüllü istefalarının baş verəcəyini gözləmirəm. Bizdə yuxarı vəzifələrdə oturanlar heç bir halda xoşluqla istefaya getmirlər. Bir neçə il bundan əvvəl müşahidə etdiyimiz kimi, bəzi məmurların övladları, nəvələri kriminal hadisələr törətsələr də, işlərində ciddi nöqsanları olsa da, bu baş vermədi. Elə düşünürlər ki, kreslo ancaq onlar üçün seçilib. Ömürlərinin sonunadək orada oturmalıdırlar. Baxın, indi DTX Mədəniyyət Nazirliyində əməliyyət apararaq yüksək vəzifəli şəxsləri həbs etdi. Külli miqdarda yeyinti aşkarlandı. Nazir Əbülfəz Qarayev isə istefa vermədi. Güya, rəhbərlik etdiyi Nazirlikdə nə baş verdiyindən xəbərsizdir. Yaxud Xalq artisti, Əməkdar artist adları almaq üçün müğənnilərdən, aktyorlardan pul alınır. Bunu da bilmir? Hamı bundan nazirlikdə açılan bazardan danışır.”
ALDP sədri bildirib ki, Azərbaycanda vəzifəli şəxslərin öz kreslolarına bağlılığının ölçüsü yoxdur:
“Bugünki nazirlərin, məmurların bəziləri 20 ildən çoxdur vəzifədədirlər. Onlar hesab edirlər ki, Heydər Əliyevlə birlikdə komanda olaraq hakimiyyətə gəliblərsə, ömür boyu həmin vəzifədə qalmalıdırlar, kimsə bunlara toxuna bilməz. Milyardlarla pulları mənimsəyirlər və gələcək milyardların silinməsində də həmin mövqeni ortaya qoyurlar. Ona görə də çalışırlar ki, vəzifələrində qalsınlar. Kiçik məmurlarımızdan tutmuş, böyük vəzifəlilərə qədər kreslodan elə yapışıblar ki... Istefa mədəniyyəti olmalıdır. 85 yaşında vəzifədə oturmaq olar? Bir başqa ölkələrə boylansınlar, məgər görmürlər ki, sadə bir nöqsana görə könüllü istefa verən məmurlar necə hörmətlə yola salınırlar. Bizdə ya vəzifə başında dünyalarını dəyişirlər, ya da DTX onları yola salır”.

1.0763399600983