Karantin rejimində partiyalara üzvlük məsələsi necə olub?

Azərbaycanda koronavirusla əlaqədar ay yarımdır ki, karantin rejimi hökm sürür. Bu müddət ərzində müxalifətin iclaslarını necə keçirdiyi, partiyalara üzvlük üçün müraciətlərin olub-olmadığı, olubsa, bunun nə cür həyata keçirildiyi ilə Yeni Müsavat qəzeti maraqlanıb.

ALDP sədri Fuad Əliyev: “Karantin günlərində iclasları onlayn rejimdə keçiririk. Sədr Aparatının iclasları həftədə iki dəfə, Rəyasət Heyətinin isə, iclasları iki həftədən bir təşkil olunur. Bizim whatsapp və skupedə qrupumuz var. Partiyaya üzvlüyə gəldikdə isə, biz onlayn qəbulu beş ilə yaxındır keçiririk. Partiyanın mətbuat xidmətinin bloqunda və Facebook səhifəmdə üzvlük anketi var. Bloqda və səhifəmdə məramnamə, nizamnamə ilə tanış olanlar, onu qəbul edənlər üzvlük anketi doldurub göndərirlər. Bu beş il ərzində qəbulla bağlı onlarla müraciət daxil olub. Müraciətləri təşkilat şöbəsi qəbul edəndən sonra onlarla əlaqə saxlayıb, tanış olurlar”.

AĞ Partiya başqanı Tural Abbaslı: “Koronavirus pandemiyası və bunun nəticəsində demək olar ki, bütün dünyada tətbiq edilən karantin şərtləri bir çox sahələrdə adət olunmuş davranışların dəyişməsinə, yeni çıxış yollarının tapılmasına səbəb oldu. Bu dönəmlərdə əsasən disdant onlayn ünsiyyət və davranışlar önə çıxdı. Bir çox sahələrdə olduğu kimi, siyasi səhnədə də onlayn çıxış yolları tapıldı və istifadə edildi. Sosial şəbəkələrin və xüsusi ünsiyyət proqramları vasitəsiylə partiyalar işlərini davam etdirməyə çalışdılar. Eyniylə də AĞ Partiya olaraq, biz də bu vasitələrin yaratdıqları imkanlardan istifadə edərək fəaliyyətimizi davam etditməyə çalışdıq. Demək olar ki, hər həftə AĞ Partiya İdarə Heyətinin toplantıları onlayn qaydada keçirildi. Onlayn iclaslar ənənəvi toplantıların yerini tam doldurmasa da, yenə də işin tam dayanmamasında faydalı oldu. Ancaq, təbii ki, bu vasitələr siyasi partiyanın işini normal qurmaq üçün kifayət deyil. Ümid edirəm ki, dünya və ölkəmiz tezliklə bu bəladan xilas olar və normal həyata dönərik. Ancaq, karantin günlərində partiyaya yeni qəbullar etməmişik. Bununla bağlı sosial şəbəkələr vasitəsiylə bəzi müraciətlər olub. Ancaq, biz qəbul məsələsini normal fəaliyyət şəraiti yarandıqdan sonra həyata keçirmək qərarı vermişik. Odur ki, bütün qəbullar karantindən sonra olacaq. Ancaq, karantin müddətində iqtidarın siyasi partiyalara minumal fəaliyyət şəraiti yaratmaması da qəbuledilməz və qanunsuzdur. Bu məsələnin də gündəmə gələrək müsbət həllini tapması labüddür. Əks təqdirdə belə bir yanaşma birmənalı qarşılanmaya və yaranmış vəziyyətdən iqtidarın sui-istifadə etdiyi anlamına gələr. Odur ki, tez bir zamanda bu problem həll edilməlidir deyə düşünürəm. Partiyaların fəaliyyətinə şərait yaradılmalıdır, çünki, çoxpartiyalılıq demokratik dövlətin ən başlıca atributudur”.

KXCP idarə heyətinin üzvü Xəzər Teyyublu: “Partiya rəhbərliyi hazırda onlayn iclas keçirir. Bu və ya digər hallarla partiyanın yerlərlə əlaqəsi qurulur. Amma onlayn üzvlüklə bağlı məsələ hələ baş verməyib”. 

0.43239903450012