Partiya sədri: Qarabağ məsələsində iqtidar, yaxud da müxalif anlayışı olmamalıdır
"Qarabağ məsələsini diqqətdə saxlayırıq"
Baku News xəbər verir ki, bunu, Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Modern.az saytın sualını cavablandıraraq bildirib.
Modern.az: Dağlıq Qarabağ probleminin həlli, ərazi bütövlüyümüzün təminatı məsələsi ölkə gündəmində mühüm yer tutur.
Maraqlıdır, siyasi partiyalar bu mühüm məsələsinin həlli üçün bütün digər fəaliyyəti bir kənara qoya bilərlərmi? Yəni siyasi təşkilatlar müəyyən müddət ərzində sırf Qarabağ problemi ilə məşğul olub bu istiqamətdə hansısa işlər görə bilər?
ALDP sədri Fuad Əliyev deyir ki, təmsil etdiyi partiya zaman-zaman Qarabağ məsələsini diqqətdə saxlayıb və bundan sonra da saxlayacaq:
“Təkcə partiyalar yox, media nümayəndələri, digər sahənin əməkdaşları da daxil bütün vətəndaşlar Qarabağ məsələsini gündəmdə saxlmalıdırlar. Liberal Demokrat Partiyası olaraq pandemiya dövründə səfərlərdə olmamışıq. Amma səfərlərdə olanda bütün görüşlərdə Dağlıq Qarabağ məsələsini müzakirə etmişik. Yəni partiyaların işi yalnız sosial problemləri yox, bu məsələni də işıqlandırmaqdır. Hesab edirəm ki, Qarabağ məsələsində iqtidar, yaxud da müxalif anlayışı olmamalıdır. Hamımız bir yumruq kimi problemi beynəlxalq təşkilatlara, bütün dünyaya çatdırmalıyıq”.