Partiya sədri: Bunlar cinayətkar deyillər, adi bir vətəndaşdılar
"Heç kim yadından çıxartmasın ki, biz hamımız Şəhidlərə borcluyuq."
Bunu Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Baku News-a müsahibəsində bildirib. Müsahibəni təqdim edirik.
- Fuad müəllim, bir neçə həftə bundan qabağ siz partiyalarla görüşlərə başladız. Görüşlərlə bağlı məlumat vermişdiniz. Hazırda görüşlər davam olunurmu?
- Bəli, bir neçə görüşüm olub. Bu görüşlər çox səmərəli keçib. Bir daha qənaətə gəldim ki, bizi birləşdirən məsələlər çoxdur. Keçən həftə AMİP-nın qərargahında bir neçə partiya sədrlərinin görüşü olmalı idi. Hesab etdim ki, həmin görüşdə görüşmədiyim partiya sədrlərilə fikir mübadiləsi aparardıq. Ona görə bəzi görüşləri təxirə saldım. Həmin gün sərt karantin rejimin tətbiqinə görə tədbir alınmadı. İndi gözləyirəm, tədbir olmasa iki tərəfli görüşləri davam etdirəcəyəm.
- Son günlər bir neçə məsələ gündəmi zəbt edib. Fuad Muradovun şəhid ailələri təhqir etməsi, Milli Şuranın məlum iclasında səslənən təhqirlər. Cəmiyyəti qıcıqlandıran məsələlərə hakimiyyətin və bəzi partiyaların reaksiya verməməyini necə qiymətləndirərsiz?
- Birincisi onu qeyd edim ki, Şəhid sözü olan yerdə heç bir müzakirə olmur. Şəhid bu vətən üçün, bu torpaq üçün, elə bizim hamımız üçün canından keçib. Burada iqtidar, müxalifət olmamalıdır və bu məsələyə hamılıqla cavab verilməli idi. Amma nə hakimiyyət, nə də ki, özünü müxalifətin “aparıcı” hesab edənləri buna cavab vermədilər. Heç kim yadından çıxartmasın ki, biz hamımız Şəhidlərə borcluyuq. Xalqımız Şəhid ailələri təhqir edənləri yüz illər keçsə belə yaddan çıxartmayacaq. O ki, qaldı Şuranın məlum iclasında səslənən söyüş və təhqirlərə.... Hər kəs yaşadığı mühüti, uşaqlıqdan alan tərbiyəsini göstərir. Bilirsiz bir müqayisə etmək istəyirəm. Ağac var ki, əkəndən sonra ona gulluq edirsən, sulayırsan, vaxtı vaxtında dərmanlayırsan, budayırsan, amma bilmirsən bar verəcək, yoxsa yox. İllər keçir bir ağac böyüyür yaxşı bar verir, kölgə verir, amma eyni gulluq etdiyin digər ağac isə nə kölgə verir, nə bar. Bizim bağda belə nar ağacı var idi. Kəsdik tulladıq. İndi bunlarda bundan sonra cəmiyyətimizə, xalqımıza heç bir fayda verə bilməyəcəklər.
- Fuad müəllim, sərt karantin günlərində polisin davranışı da birmənalı olmadı. Bəzi partiya sədrləri polisi bu hərəkətlərinə görə müdafiə etdi. Məlum məsələdir ki, polis əmrə tabedir. Sizin fikrinizcə, nə dərəcədə onların hərəkətləri qanuna zidd olmayıb?
- Siz özünüz qeyd etdiniz ki, polis əmrə tabedir. İndi əsas məsələ polis bu əmri necə həyətə keçirir. Bəli, vətəndaşlarımız polisin başına zibil atmamalı idi. Bu bir mənalıdır. Amma gəlin yadımıza salaq ki, bunu niyə etdilər. Karantin vaxtı evdən çıxıb zibil atmaq üçün vətəndaşı sakitçə saxlayıb, cərimə yazıb evinə qaytarmaq əvəzinə, görün onu neçə polis əhatə edib, qollarından, ayağlarından tutub maşına aparıblar. Və baxın sabahkı gün polislərin üstünə zibil atanların dalınca nə qədər polis gəlib. Kadrlara baxanda fikirləşirsən ki, bu binada erməni terroristlər yaşayır və polis səhər saat 6-da əməliyyət keçirir. Bu niyə lazım idi? Bu gədər polis niyə lazım idi? Bu sahə polisin işidir. Gəlib qapını döyüb, çağırışı verib şöbəyə apara bilərdi. Oradada protokol yazıb cəriməliyərdilər. Amma nə baş verdi. Vətəndaşa paltarını belə geyinməyə imkan vermədən evdən aparırlar və üstəlik kamera ilə çəkirlər. Bunlar cinayətkar deyillər, adi bir vətəndaşdılar.