Proporsional seçki sistemi qayıdır?
ALDP sədri bunu vacib sayır, YAP deputatından açıqlama: “Nə zamansa qarışıq seçki sisteminə keçid zərurəti olarsa, dövlətin maraqları məhz bunu tələb edərsə, yəqin ki, o zaman məsələ gündəmə gələcək”
Gürcüstan seçki sistemini dəyişdi. Ölkə parlamenti iki gün öncə ilk oxunuşda proporsional seçki sistemi üstün mövqeyə gətirilməklə qarışıq seçki sisteminə keçidi təsdiqləyib. Gürcüstanda 2020-ci ilin oktyabrında keçirilməsi planlaşdırılan parlament seçkiləri 120 proporsional, 30 majoritar olmaqla qarışıq seçki sistemi ilə baş tutacaq. Parlament təmsilçiliyi qazanmaq üçün 5 faizlik baryer isə 1 faizə endirilib. Eyni zamanda yeni dəyişikliyə görə, 40 faizdən az səs toplamış partiya təkbaşına hökumət formalaşdıra bilməz.
Qeyd edək ki, qonşu ölkənin hakimiyyəti və müxalifəti hələ bir il öncə proporsional seçki sistemini üstün mövqeyə gətirilməklə qarışıq seçki sisteminə bu şəkildə keçmək barədə razılığa gəlmişdilər. Bundan sonra konstitusiyada dəyişiklik edilmişdi. Bu dəyişikliyə qədər Gürcüstan parlamentində 77 deputat proporsional qaydada, 73 deputat majoritar qaydada seçilirdi.
Azərbaycanda isə hazırda proporsional seçki sistemi mövcud deyil. Azərbaycan Konstitusiyasına görə, parlament seçkiləri majoritar qaydada keçirilir. Majoritar seçki sistemində ayrı-ayrı dairələrdən namizədliklərini irəli sürənlər səs çoxluğu ilə deputat mandatı qazanırlar. Azərbaycanın müstəqilliyi yenidən elan olunandan sonra proporsional seçki sistemi də tətbiq olunurdu. Amma 2002-ci ilin avqust ayında keçirilən referendumla proporsional seçki sistemi ləğv olunub. Bundan sonra parlament seçkilərinin ya tamamilə proporsional, ya da həm majoritar, həm də proporsional qaydada keçirilməsi dəfələrlə təklif olunsa da, reallaşmayıb.
Azərbaycan da proporsional seçki sistemini bərpa edə və qarışıq sistemə keçə bilərmi? Bunun üçün nə lazım? Ümumiyyətlə, lazımmı?
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib ki, 2002-ci ildən başlayaraq bu məsələni daim gündəmdə saxlamağa çalışıblar və bir neçə dəfə partiyalara qanunvericilik təşəbbüsü üçün 40 min imza toplamaq üçün müraciət də ediblər: “2009-cu ildə ALDP imzatoplama kampaniyasına başladı. Bu günə qədər proporsional seçki sisteminin bərpası ilə bağlı partiya olaraq Milli Məclisə 2 müraciətimiz olub. ALDP olaraq bu sistemin bərpasını istəyirik. Lakin təəssüf ki, hakimiyyət hələ bu məsələdə mövqeyini dəyişmir. Proporsional sistemin olmaması Azərbaycandakı partiyaların cəmiyyətdəki rolunu xeyli zəiflədib, seçkiyə marağı azaldıb”.
ersus.az "Yeni Müsavata" istinadla bildirir ki, hakim Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, deputat Aydın Hüseynov bildirib ki, əvvəla, seçki sisteminin dəyişdirilməsi yalnız o halda mümkündür ki, qanunvericilikdə, Konstitusiyada dəyişiklik həyata keçirilsin. Konstitusiya dəyişikliyi isə referendumla həyata keçirilir. İkincisi, bu gün Azərbaycanda rəsmi gündəmdə seçki sisteminin dəyişdirilməsi məsələsi, bu barədə müzakirə yoxdur: “Üçüncüsü, Azərbaycan artıq 18 ildir majoritar seçki sistemini tətbiq edir. Bu sistemlə 2005-ci, 2010-cu, 2015-ci, 2020-ci ildə parlament seçkiləri keçirilib. Bu seçkilərin hamısı kifayət qədər yüksək səviyyədə, siyasi qüvvələrin rəqabəti şəraitində keçib. Yəni ortada müsbət təcrübələr var. Nə zamansa qarışıq seçki sisteminə keçid zərurəti olarsa, dövlətin maraqları məhz bunu tələb edərsə, yəqin ki, o zaman məsələ gündəmə gələcək. Çünki Azərbaycan hakimiyyəti dövlətin, xalqın maraqlarını üstün tutur və addımlar buna uyğun atılır”.