Afrikada COVID-19 pandemiyası bitməmiş yayılan virusdan 216 nəfər öldü

Nigeriyada heyvandan insana keçən lassa qızdırması xəstəliyindən ölənlərin sayı 216-ya çatıb.

“Anadolu” agentliyi bu barədə ölkənin Xəstəliyə Nəzarət Mərkəzindən (NCDC) verilən açıqlamaya istinadla xəbər yayıb.

Nigeriyanın paytaxtı Abuca ilə yanaşı, Edo, Ebonyi, Ondo və Bauçi də daxil olmaqla, 27 əyalətdə 1 036 yoluxma halı aşkarlanıb.

Hər il quraqlıq dövründə - noyabr-may aylarında çoxalan virusdan ötən il 129 nəfər həyatını itirib.

Mali, Toqo, Qana, Liberiya və Syerra-Leone kimi bir çox Afrika ölkələrində rast gəlinən lassa qızdırması virusu ilk dəfə olaraq 1969-cu ildə Nigeriyanın şimal-şərqindəki Borno əyalətində müşahidə edilib.

Nigeriya hökuməti 2019-cu ildə sözügedən virus səbəbindən fövqəladə vəziyyət elan etmişdi.

Siçan ifrazatından insana keçən xəstəlik ölümcül qanaxmalara səbəb ola bilir.

Səlahiyyətlilər insanları şəxsi gigiyenaya diqqət etməyə, siçovullara və digər gəmiricilərə toxunmamağa çağırıb.

0.3028929233551