Partiya sədri: Bu Azərbaycana, xalqa xəyanət deməkdir
"Onlar dövlətə qarşı çıxır."
Baku News xəbər verir ki, bunu, Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib.
Milli Şuranın onlayn iclaslarından yayılan son videogörüntü günlərdir müzakirə edilir. Həmin görüntülərdə qurumun Koordinasiya Mərkəzinin üzvü, Fransada yaşayan mühacir jurnalist Qənimət Zahidin açıq şəkildə işlərinin hakimiyyətə şər atmaq olduğunu deməsinə cəmiyyət tərəfindən də sərt təpkilər göstərilir.
"Yeni Müsavat" bunula bağlı Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevə müraciət etdi.
ALDP sədri Fuad Əliyevin mövqeyi kifayət qədər sərt oldu:
“Milli Şura adlanan qurum fəaliyyət istiqamətini düzgün seçməyib. Ümumiyyətlə, hara və niyə getdiyinin fərqində deyil. Qurumun əsas məqsədi anti-Azərbaycan təbliğatı aparmaqdır ki, bunu da daha çox internet üzərindən həyata keçirir. Xaricdə məskunlaşan, milli hisslərini itirənlərin çoxundan istifadə etməklə dövlət və dövlətçiliyimizə qarşı çıxışlar edirlər. Biri var ki, hakimiyyətlə mübarizə aparasan, bir də var dövlətlə. Milli Şura dövlətə qarşı çıxır, xaricdən Azərbaycana edilən hər bir təhdid Şuranın sevincinə səbəb olur. ”Azərbaycana nə qədər pisdirsə, bizə o qədər yaxşıdır" prinsipindən çıxış edir.
Özləri də etiraf edirlər ki, onların işi hakimiyyəti şərləməkdir. Bir gün eşitsək ki, Milli Şura istəyinə çatmaqdan ötrü hətta Qərbdə ermənipərəst qüvvələrlə əməkdaşlıq edir, mən heç də təəccüblənmərəm. Belə fəaliyyət istiqaməti Azərbaycana, xalqa xəyanət deməkdir. Bunlar ağa qara, qaraya ağ deyirlər.
Müxalifət hakimiyyətin səhv addımlarını, verilən səhv qərarları göstərib, alternativ çıxış yolları irəli sürməlidir".